Dünya
1588
05 Jan 2025 | 22:38

"İran misli görünməmiş təzyiq altındadır" - "The New York Times"

 
"İran təkcə sanksiyalar təzyiqindən deyil, həm də ABŞ və İsrail tərəfindən birbaşa hərbi addımlar atılacağından ehtiyat edir..."
 
İran bir sıra ciddi məğlubiyyətlərə uğrayıb və öz aqressiv ritorikasını yumşaltmağa məcbur olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
 
İran ABŞ-da prezident seçkilərində Donald Trampın qalib gəlməsi və İsrailin regionda onun müttəfiqlərinə vurduğu ağır zərbələr fonunda öz aqressiv ritorikasını yumşaltmağa başlayıb. 
 
Tehranın daxili etirazlarla və iqtisadi böhranla üzləşməsi onu daha sərt sanksiyalardan və Vaşinqtonun mümkün hərbi addımlarından qorxaraq danışıqlara hazır olduğunu nümayiş etdirməyə sövq edir.
 
Nəşrin məlumatına görə, hələ oktyabr ayının sonunda İran İsrailə genişmiqyaslı hücum planlaşdırıb, lakin noyabrın 5-də Trampın qələbəsindən sonra mövqeyini kəskin şəkildə dəyişib. Tehranda gərginliyin azaldılması kursu götürülüb və bu, o cümlədən diplomatik siqnallarla ifadə olunub.
 
Yeni administrasiya ilə əlaqə yaratmaq cəhdlərində İranın BMT-dəki səfiri Əmir Səid İrəvani Trampın ətrafı ilə əlaqələri ilə tanınan iş adamı İlon Maskla görüş keçirib. Lakin bu görüş İranın mühafizəkar dairələrində qəzəblə qarşılanıb və bundan sonra İran Xarici İşlər Nazirliyi görüşü açıq şəkildə təkzib etməli olub.
 
Tehran həmçinin Yaxın Şərqdə gərginliyin azaldılması üçün vasitəçilər göndərib. Ali dini lider Xamenei öz müşaviri Əli Laricanini Livana, "Hizbullah" rəhbərliyinə atəşkəs sazişini qəbul etməyi təklif etmək üçün göndərib.
 
Eyni zamanda İranın xarici işlər naziri Abbas Araqçı Livanda atəşkəsi dəstəklədiklərini bəyan edərək, İranın İsrailin zərbələrinə cavab addımlarını qəbul edərkən regional amilləri nəzərə aldığını əlavə edib.
 
İqtisadi böhran rejimə təzyiqi artırır. Noyabr ayında inflyasiya adaçbaşına 4465 dollar təşkil edərək rekord həddə çatıb və riyal 40 faiz dəyər itirərək 1 dollar üçün 821 500 rial səviyyəsinə düşüb. Ölkə daxilində zavodlar enerji resurslarının çatışmazlığı səbəbindən yalnız 41 faiz gücü ilə işləyir. 
 
Ən böyük sənaye obyektlərində, o cümlədən sement zavodları və neft-kimya müəssisələrində istehsalın kütləvi dayanması müşahidə olunur. Bu fonda Təbriz bazarının tacirləri, təqaüdçülər və tibb işçiləri arasında hərbi avantüraların dayandırılması və iqtisadi vəziyyətin yaxşılaşdırılmasını tələb edən etiraz aksiyaları davam edir.
 
İran yalnız sanksiya təzyiqindən deyil, həm də ABŞ və İsrail tərəfindən birbaşa hərbi addımlar atılacağından ehtiyat edir. Son aylarda İsrail ordusu Tehranla bağlı strateji obyektlərə, o cümlədən Rusiya istehsalı olan S-300 hava hücumundan müdafiə sistemlərinə və Livan və Qəzzada İrana bağlı qruplaşmalarla əlaqəli obyektlərə zərbələr endirib. 
 
"Hizbullah" və HAMAS-ın məğlubiyyətləri, həmçinin Suriyada Əsəd rejiminin çökməsi İranın regiondakı təsirini əhəmiyyətli dərəcədə zəiflədib. Eskalasiya təhlükəsini dərk edən Tehran baş diplomatı Məcid Təxtə-Ravançini nüvə proqramı ilə bağlı Böyük Britaniya, Fransa və Almaniya nümayəndələri ilə Cenevrədə danışıqlara göndərib.
 
Bununla belə, Tramp administrasiyasının yeni sanksiyalar tətbiq etməyə və o cümlədən İranın nüvə obyektlərinə hava zərbələri də daxil olmaqla, hərbi variantları nəzərdən keçirdiyi bildirilir. Kəşfiyyat məlumatlarına görə, İranın "nüvə sıçrayışı" səviyyəsinə çatması yaxın həftələrdə baş verə bilər.
 
İranlı analitiklər və hətta rejim nümayəndələri ölkənin həssas vəziyyətdə olduğunu etiraf edir. Mühafizəkar politoloq Mehdi Əfrəz "İran İsrailin hərbi gücünü qiymətləndirə bilməyib" deyə etiraf edib, Livandakı Tehran tərəfdarı olan şiə qaçqınları isə artıq İranı tənqid edərək münaqişənin eskalasiyası üçün onu lənətləyir və Livan ərazisindəki ağır nəticələrə görə Tehranı ittiham edir.
Link kopyalandı!
Son xəbərlər