Turistlər, o cümlədən Rusiya vətəndaşları üçün ölkəyə giriş qaydaları yaxın illərdə Türkiyə tərəfindən dəyişdirilə bilər.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Ali Yerlikaya bəyan edib. Məlumatı "tourprom.ru" nəşri yayıb.
Məlumata görə, yalnız Şengen zonası biometrik sistemi tətbiq etməyə çalışmır. Ola bilsin ki, artıq 2026-cı ildən etibarən Türkiyəyə daxil olan xarici vətəndaşlar sərhəddə barmaq izlərini təqdim etməli olacaq. Bununla belə, Rusiya Turist Operatorları Assosiasiyası (RTOA) üçün şərh verən turizm operatorları bu yeni tədbirin ciddi narahatlıq yaratmadığını bildirib.
Bu sistemin tətbiqi məsələsi uzun müddətdir ki, müzakirə olunur. Hələ 2022-ci ilin əvvəlində keçmiş daxili işlər naziri Süleyman Soylu bu sistemin yerli səviyyədə tətbiq olunmağa başladığını açıqlayıb. Türkiyə biometrik məlumat sistemini hazırlayıb işə salan dünyanın yeddinci ölkəsi olub.
Lakin bu sistemin necə istifadə olunacağı və tam miqyasda nə vaxt tətbiq ediləcəyi ilə bağlı hələ də ətraflı məlumat yoxdur. İlkin məlumatlara görə, Türkiyə sərhədində barmaq izlərinin toplanmasına 2026-cı ildən başlanılacaq. Hazırda isə biometrik məlumatlar artıq Türkiyə vizası almaq və yaşayış icazəsi üçün müraciət edərkən tələb olunur.
Turizm bazarı ekspertləri hesab edir ki, ənənəvi kütləvi turistlər üçün biometrik məlumatların toplanması sistemi minimal təsir göstərəcək və ya heç təsir etməyəcək. Sistem əsasən Suriya, Əfqanıstan və digər bu kimi ölkələrdən olan şübhəli qonaqlara yönəlib.
Lakin bu tədbirin bütün gələnlərə şamil edilməsi halında belə, Rusiya turistləri üçün ciddi maneə olmayacaq. RTOA-nın beynəlxalq turizm üzrə vitse-prezidenti Artur Muradyanın fikrincə, biometrik məlumatların toplanması artıq Şengen vizası, Tailand və BƏƏ-də də tətbiq edilir.
Onun sözlərinə görə, bu prosedurları tətbiq edən ölkələr turist axını baxımından əhəmiyyətli itki ilə üzləşməyib. Əsas məsələ turistlər üçün barmaq izlərinin skan edilməsi prosedurunun nə qədər vaxt alacağı və müasir hava limanlarının bu məsələyə necə uyğunlaşacağıdır.
Ekspertlər əlavə edir ki, məsələn, Tailandda bu prosedur bir dəqiqədən az vaxt tələb edir və girişdə heç bir əlavə problem yaratmır. Turistlərdən bu məsələdə turizm operatorlarına heç bir şikayət daxil olmayıb.