Dünya
1428
05 Jan 2025 | 16:06

"İran nüvə proqramı üzrə konstruktiv dialoqa hazırdır" - Abbas Araqçı

"Hazırda bu məsələdə yaranan böhranın səbəbi ABŞ-ın nüvə razılaşmasından çıxmasıdır..."
 
İran nüvə proqramı ilə bağlı hərtərəfli razılaşmaya nail olmaq məqsədilə yeni danışıqlara hazır olduğunu bildirib.
 
"Moderator.az" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi Çinin CCTV dövlət televiziyasına verdiyi müsahibəsində bəyan edib.
 
O, Tehranın beynəlxalq tərəfdaşlarla dialoqu bərpa etmək istəyini təsdiqləyib. Onun sözlərinə görə, son iki ildə İran "beş üstəgəl bir" ölkələrinin nümayəndələri ilə vicdanla danışıqlar aparıb və nəticədə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalanıb. Lakin ABŞ-ın bu razılaşmadan çıxması hazırkı diplomatik böhranın əsas səbəbidir.
 
"Biz nüvə proqramımızla bağlı konstruktiv danışıqlara dərhal başlamağa hazırıq. Danışıqlar hərtərəfli razılaşmaya nail olmağa yönəlib", - o, deyib.
 
Nazir əlavə edib ki, İran JCPOA-nın şərtlərinə sadiqdir və nüvə proqramına etimadı artırmaq üçün addımların atılmasını, bunun müqabilində sanksiyaların ləğvini müzakirə etməyə hazırdır.
 
Araqçi bildirib ki, Böyük Britaniya, Fransa və Almaniya ilə ilk danışıqlar raundu artıq keçirilib və növbəti raundun iki həftə ərzində baş tutacağı barədə razılıq əldə olunub.
 
Nazir əlavə edib ki, konstruktiv dialoqun dəstəklənməsi üçün Rusiya və Çinin rolu həlledicidir. Bununla yanaşı, İranın ABŞ-la bağlı siyasəti Amerikanın yeni hökumətinin siyasi kursundan asılı olacaq.
 
Xatırladaq ki, Donald Trampın birinci prezidentlik dövründə ABŞ JCPOA-dan çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran razılaşmanın bəzi şərtlərini yerinə yetirməyi dayandırıb.
Link kopyalandı!
Son xəbərlər