"NATO hazırda resurslarla təminat baxımından əvvəlkindən daha güclüdür..."
ABŞ Dövlət katibi Entoni Blinken Co Baydenin prezidentliyi dövründə ABŞ-ın üzləşdiyi daxili və xarici böhranlardan danışıb.
Moderator.az xəbər verir ki, bu barədə o, "Financial Times" nəşrinə müsahibəsində bəyan edib.
Xarici siyasət böhranları arasında əsasən Ukraynadakı müharibə, Çinə təzyiq, Suriyadakı son hadisələr və Qəzzadakı vəziyyət müzakirə olunub.
Putin Ukraynada strateji məğlubiyyətə uğrayıb
Blinken Rusiyanın Ukraynada apardığı müharibə və NATO-nun vəziyyəti ilə bağlı fikirlərini bildirib. Onun fikrincə, Putin "strateji məğlubiyyətə" uğrayıb. O, həmçinin qeyd edib ki, NATO hazırda resurslarla təminat baxımından üstün mövqedədir.
Blinken bildirib ki, ABŞ administrasiyasını Ukraynaya silah tədarükünü gecikdirməkdə ittiham etmək düzgün deyil. O, bu vəziyyəti izah edərək qeyd edib ki, ABŞ bir sıra amilləri, o cümlədən Ukraynanın bu sistemləri istismar edib-edə bilməyəcəyini nəzərə almaq məcburiyyətində
Blinken qeyd edib ki, ABŞ administrasiyası Vladimir Putinin nüvə silahı istifadə etmə ehtimalını ciddi şəkildə nəzərdən keçirib. O, əlavə edib ki, Vaşinqtonun "əsaslı səbəbləri" var ki, Çin hakimiyyətinin Rusiya rəhbərliyi ilə əlaqə saxladığına və Moskvanı belə addımlardan çəkindirdiyinə inansın.
Blinkenin sözlərinə görə, bu, ABŞ-ın Çinə Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək planları ilə bağlı məlumatları paylaşmasından sonra baş verib.
Bununla belə, Blinken təəssüf edib ki, Çin hələ də Rusiyanı müdafiə sənayesini bərpa etmək üçün kritik əhəmiyyətli materiallarla təmin edir. Onun fikrincə, Çin bir tərəfdən müharibəni bitirmək üçün sülhməramlı səylər göstərir, digər tərəfdən isə öz şirkətlərinə ikili təyinatlı malları Rusiyaya göndərməyə icazə verir
Suriya və Əsəd rejiminin süqutu
Blinken Yaxın Şərqə etdiyi səfərdən yenicə qayıdıb. Səfər zamanı o, Bəşər Əsədin qəddar rejiminin süqutundan sonra Suriyadakı vəziyyəti müzakirə edib.
Dövlət katibinin sözlərinə görə, İordaniya, Türkiyə və İraqa səfərlər ölkələr arasında Dəməşqdəki müvəqqəti hakimiyyətlə bağlı gözləntilərin müəyyən qədər uyğunlaşdırılmasına səbəb olub, lakin vəziyyət hələ də "çox gərgin" olaraq qalır.
"Bu, xüsusilə Əsəd diktaturasının dəhşətlərindən sonra inanılmaz imkanlar anıdır. Lakin biz dəfələrlə görmüşük ki, bir diktator digərini əvəz edir," – deyə Blinken bildirib. O əlavə edib ki, Suriyada rejimin sürətlə çökməsi qismən ABŞ-ın Əsədin himayədarları olan Rusiya və İrana göstərdiyi təzyiqlə əlaqədardır.
Qəzza və İsrail-Fələstin məsələsi
Blinkendən ABŞ-ın İsrailə dəstək və fələstinlilərə yardım arasında balans saxlayıb-saxlamadığı soruşulub. Dövlət katibi bildirib ki, ABŞ üç məqsəd güdür: 7 oktyabr hadisələrinin təkrarlanmasının qarşısını almaq, daha genişmiqyaslı müharibədən qaçmaq və günahsız fələstinliləri qorumaq.
Onun sözlərinə görə, Qəzzadakı vəziyyət "unikal dərəcədə mürəkkəbdir", çünki HAMAS "əhali arasında gizlənir" və onları canlı sipər kimi istifadə edir. Bununla belə, Blinken vurğulayıb ki, bu, İsrailin mülki əhali arasında itkilərin qarşısını almaq və sektoru humanitar yardımla təmin etmək məsuliyyətini aradan qaldırmır.