Bizi sosial şəbəkələrdən izləyin:
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin 2024-cü il dekabrın sonunda Qazaxıstanda qəzaya uğraması ilə bağlı araşdırmanın yekun hesabatı üç ildən gec olmayaraq təsdiqlənəcək.
Moderator.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190AR” markalı, 4K-AZ65 dövlət nömrə nişanlı təyyarə ilə baş vermiş aviasiya qəzasının təhqiqatı həyata keçirilir. Qazaxıstan 27 iyul 2017-ci il tarixli, No 505. Sərəncamın 32-ci bəndinə uyğun olaraq, insan tələfatı ilə nəticələnən aviasiya qəzasının təhqiqatının müddəti komissiya yaradıldığı andan təsdiq edildiyi günə qədər qəzanın təhqiqatının nəticələrinə dair yekun hesabat, bir qayda olaraq, əlavə araşdırma tələb olunmadığı halda, 36 aydan çox deyil”, - nazirlikdən bildirilib.
İstintaq komissiyasının üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev 2024-cü il dekabrın 30-da "Kazinform" agentliyinə müsahibəsində bildirib ki, araşdırmanın ilkin və ya aralıq nəticələri 30 gün ərzində hazır olacaq.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.
Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb.
Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.