ABŞ və Avropa narahatdır, “Made in China 2025” işə düşüb
2044
04 Jan 2025 | 12:53

ABŞ və Avropa narahatdır, “Made in China 2025” işə düşüb

Pekin Çin iqtisadiyyatını 2025-ci ildə daha böyük uğura aparan yol xəritəsi tərtib edib. Çin lideri Si Cinpin ölkəsini dominant güc olmaq və şirkətlərini birinci yerdə yerləşdirməyi hədəfləyən “Made in China 2025” proqramını işə salıb.
 
Proqram Çin şirkətlərinə hökumət subsidiyalarını almaq, dövlət müəssisələrini səfərbər etmək və qlobal rəqabətdə digərlərini üstələmək məqsədilə intellektual mülkiyyəti əldə etmək üçün üstünlüklər verəcək. Əslində Pekinin yeni proqramı ABŞ və Avropa İttifaqı bazarlarında Çin məhsullarının sıxışdırılmasına cavabdır. “Made in China 2025” proqramı tam məxfilik şəraitində hazırlanıb.
 
Moderator.az xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.
 
O, “Made in China 2025”-in əsas hədəflərini açıqlayıb: “Əsas hədəflər yeni nəsil informasiya texnologiyaları və telekommunikasiya sahəsini, qabaqcıl robototexnikanı, süni intellekti, aerokosmik mühəndisliyi, yeni sintetik materialları, qabaqcıl elektrik avadanlıqlarını, biotibbi, yüksək səviyyəli dəmir yolu infrastrukturunu və yüksək texnologiyalı dəniz mühəndisliyini inkişaf etdirməkdir. Çin ən son texnoloji nailiyyətlərdən istifadə edərək sənaye sahələrini sistematik olaraq uğura doğru istiqamətləndirməyi hədəfləyib. Yarımkeçiricilər və elektrik nəqliyyat vasitələri istehsalında üstünlük qazanan Çin xarici texnologiyaya güvənməməyi qarşısına məqsəd qoyub. Bu proqram ölkənin dördüncü sənaye inqilabına uyğundur. Çin yeni proqram vasitəsilə 2025-ci ildə yüksək texnologiyalı sənayenin 70 faizini özünü təmin etməyi hədəfləyir və bununla 2049-cu ilə qədər qlobal üstünlük əldə etməyə çalışacaq. Qərb ölkələrində hesab edirlər ki, Çin qazandığı üstünlükləri xarici sərmayələrin ayrı-seçkilik məqsədilə istifadəsinə, məcburi texnologiya transferlərinə, əqli mülkiyyət oğurluğuna, kiberhücumlara və casusluğa borcludur. Qərb ölkələrinin siyasətçiləri Çinin son üstünlük arzusunun qlobal ticarətdə sabitliyi pozacağından narahatdırlar.
 
E.Şahinoğlu Çində fəaliyyət göstərən xarici şirkətlərin həssas əqli mülkiyyət və qabaqcıl texnoloji bilikləri paylaşmaq tələbi şərtləriylə Çin şirkətləri ilə birgə müəssisələrə girməyə məcbur olduqlarından şikayət etdiyinə diqqət çəkib: “Buna baxmayaraq, Çinin dövlət şirkətləri yüksək maaşla Qərbdəki alimləri və aparıcı mütəxəssisləri proqrama cəlb etməyə müvəffəq olublar. Bu proses 2018-ci ildən başlayıb. Vaşinqton hesab edir ki, Pekin bu yolla ABŞ-nin əqli mülkiyyətini əldə etməyə çalışıb. Avropada da Çinin yeni proqramından narahatlıq var çünki Pekin ölkə şirkətlərinin qlobal rəqabətdə irəli çıxmaları üçün istehsalı həddindən artıq təşviq edir və dünya ölkələrini ucuz mallarla doldurur. Misal üçün, Çin hökumətinin ölkə avtomobil şirkətlərinə ayırdığı dövlət subsidiyaları hesabına elektrikli avtomobillərin qiyməti Qərbəki elektrik avtomobillərin qiymətlərindən xeyli ucuzdur. Bunun nəticəsidir ki, Almaniyanın və dünyanın aparıcı avtomobil şirkətləri müəssisələrinin bir qismini qapatmaq və işçilərini ixtisar etmək qərarına gəlib. Bu səbəbdən ABŞ və Avropa Çinin 2025-ci ildəki ticarət siyasətini qlobal təhlükə kimi qəbul ediblər”.
 
Link kopyalandı!
Son xəbərlər