"Ukrayna Silahlı Qüvvələrinin Kursk əməliyyatı Kreml üçün strateji problem yaradıb..."
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində keçirdiyi əməliyyat Kiyev üçün digər ölkələrlə danışıqlarda bir "kozır" olub və daha əvvəl Rusiyanı "məğlubedilməz" hesab edən Qlobal Cənub ölkələrinə ciddi təsir göstərib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski telemarafon efirində bəyan edib. Məlumatı "The Moscow Times" nəşri yayıb.
"Kursk bütün danışıqlarda, xüsusilə bizim üçün çox önəmli olan ölkələrlə, o cümlədən Qlobal Cənub ölkələrlə çox güclü kozırdır. Mən heç vaxt düşünməzdim ki, bu, onlara belə böyük təsir edər. Amma bu, həqiqətən də güclü təsir göstərib", - deyə Zelenski bildirib.
Prezidentin sözlərinə görə, Qlobal Cənub ölkələri Ukrayna qüvvələrinin Rusiya ərazisində müqavimət göstərməsi və vəziyyəti nəzarət altında saxlamasını görərək təsirlənib, halbuki Rusiya ordusu "kontingenti artırır, lakin heç bir şey edə bilmir".
"Hətta onların Şimali Koreya kontingentini qəbul etməsi amili işləyib. Onu hara göndərdilər? Məhz Kursk vilayətinə. Məncə, bu, onların taktiki səhvidir", - deyə Zelenski əlavə edib.
Kursk bölgəsində Ukrayna Silahlı Qüvvələrinin hücumunun nəticələrini qiymətləndirən Zelenski qeyd edib ki, bu əməliyyat "Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizədə əhəmiyyətli dərəcədə kömək edib və Müdafiə Qüvvələrinə ən böyük mübadilə fondundan birini təmin edib".
NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsindəki əməliyyatı Kreml rəhbəri Vladimir Putin üçün strateji problem yaradıb.
Ukrayna Silahlı Qüvvələri avqustun 6-da Kursk vilayətinə daxil olub və ilk həftələrdə 1300 kv. km ərazini nəzarət altına alıb. OSINT layihəsi olan "DeepState"-in məlumatına görə, dekabrın ortalarına qədər Ukrayna Silahlı Qüvvələri 496 kv. km əraziyə nəzarət edib.
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən "çıxarmağa" çalışır, lakin hərbçilərə konkret vaxt məhdudiyyəti qoyulmayıb. O qeyd edib ki, əgər "bir-iki gün" desə, əsgərlər hər şeyə baxmayaraq oraya tələsər və itkilərə əhəmiyyət verməz.
Bundan əvvəl Putin üç dəfə ictimaiyyət qarşısında hərbçilərdən Kursk vilayətindən "düşməni qovmağı" tələb edib. Sonuncu dəfə bunu dekabrın 16-da Müdafiə Nazirliyinin geniş kollegiya iclasında edib və bir daha vurğulayıb ki, bu, "Silahlı Qüvvələrin müqəddəs borcudur".
Bununla yanaşı, Putin hələ noyabr ayında ərazinin "tezliklə düşməndən təmizlənəcəyini" vəd etmişdi. Lakin o vaxtdan bəri Rusiya ordusu bu tapşırığı yerinə yetirə bilməyib.
"The Economist" qeyd edib ki, Rusiya dekabr ayında hücumu gücləndirib ki, bu da ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də keçiriləcək andiçmə mərasimi ilə əlaqədar ola bilər.
Əgər Rusiya-Ukrayna sərhədinə çıxış əldə edilsə, Putin Kursk vilayətindəki ərazilərin Ukrayna ordusunun nəzarətində olan torpaqlarla dəyişdirilməsi üçün razılaşma aparmaq məcburiyyətində qalmayacaq.
Öz növbəsində, Ukrayna prezidenti Vladimir Zelenski Trampın prezident vəzifəsinə başlamasına qədər ərazini qorumağı əmr edib ki, bu da gələcək danışıqlarda istifadə olunacaq.