Dünya
1825
02 Jan 2025 | 21:42

"Qərb Putinə rusiyalıların uduzduğu müharibədə qələbə bəxş edə bilər" - "The Telegraph"

"Rusiya müharibəni açıq şəkildə uduzur, lakin informasiya məkanında qalib gəlir..."
 
Bu gün hamı Rusiyanın güclü mövqelərindən danışır, baxmayaraq ki, strateji vəziyyət tamamilə fərqlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniya ordusunun istefada olan polkovniki, hərbi icmalçı Riçard Kemp "The Telegraph" nəşrində yazıb.
 
Kemp yazır ki, son aylarda ictimai rəydə Ukraynanın müharibədəki perspektivləri ilə bağlı bədbinlik hökm sürür. Lakin əslində müharibəni uduzan Rusiyadır və 2025-ci ildə bu, daha da aydın olur.
 
O, əmindir ki, müharibədəki ümumi vəziyyət Rusiya diktatorunun "rüsvayçı məğlubiyyətindən" xəbər verir. O, nəinki daha kiçik qonşusunu zəbt edə bilməyib, həm də öz ölkəsini böyük itkilərə məruz qoyub, onun iqtisadiyyatı, nüfuzu və qlobal strateji təsirini sarsıdıb.
 
Kemp vurğulayır ki, Rusiya hücumlarının davamlı olduğu barədə ümumi narrativə baxmayaraq, əslində Rusiya son bir ildə çox məhdud ərazi nailiyyətləri əldə edib və hətta Donetsk vilayətinə tam nəzarəti belə ələ keçirə bilməyib.
 
Putinin şəxsən təbliğ etdiyi və Xarkov vilayətində bufer zona yaratmaq məqsədini daşıyan genişmiqyaslı hücum, əslində sərhəd boyunca kiçik bir ərazi parçasının nəzarətə götürülməsi ilə yekunlaşıb. Ukraynanı demək olar ki, daimi soyuq və qaranlıq vəziyyətə salmağa yönəlmiş raket hücumları isə "açıq şəkildə uğursuzluğa düçar olub", - Kemp hesab edir.
 
Bu, eyni zamanda, Kursk vilayətinin bir hissəsinin itirilməsi, Rusiyanın özünə pilotsuz uçuş aparatlarının davamlı zərbələri və Rusiya donanmasının Qara dənizin böyük hissəsindən çıxarılması fonunda baş verir.
 
Riçard Kemp həmçinin Rusiyanın insan (son bir ildə 427 min nəfər həlak olub və yaralanıb) və iqtisadi itkilərinin böyük miqyasını qeyd edir. Hazırda Rusiya yaralılar və həlak olanların ailələrinə ödənişlər üçün büdcəsinin 6 faizini sərf edir. Kredit faizləri astronomik 23 faizə çatıb, inflyasiya isə ən azı 9 faiz təşkil edir.
 
Hərbi analitik həmçinin Suriyada Rusiyanın yaşadığı geosiyasi fəlakəti xatırladır ki, bu da regionun digər ölkələri, xüsusən də İran arasında Moskvaya etibarı sarsıdıb. Qərbin sanksiyaları səbəbindən Rusiya getdikcə daha çox Çindən asılı vəziyyətə düşür.
 
Bununla yanaşı, Kemp etiraf edir ki, rusiyalıların bütün bu problemlərinə baxmayaraq, Ukrayna hələ də qələbədən uzaqdır. Analitik Qərbi eskalasiya qorxusundan Ukraynaya kifayət qədər silah verməkdə tərəddüdlü olmaqda günahlandırır.
 
Eyni zamanda, analitiki narahat edən məsələ Qərbin Ukraynanı Rusiyaya ərazi güzəştlərinə sövq etməsidir. Kemp qeyd edir ki, Putin özünü demək olar ki, qalib hesab etsə də, Rusiya iqtisadiyyatının problemləri davam edərsə və Trampın sərt addımlar artacağı təqdirdə onun mövqeyi dəyişə bilər.
 
"Biz indi "Putinin müharibədə qalib gəldiyi" fikrindən qurtulmalıyıq. Bu, böyük bir uğursuzluq olub. Faciə ondadır ki, Qərb Putinə məğlubiyyəti qələbəyə çevirmək üçün kifayət qədər ərazi verərək onu mükafatlandıra bilər", - deyə Riçard Kemp fikrini yekunlaşdırıb.
Link kopyalandı!
Son xəbərlər