Ukrayna öz ərazisindən Rusiya qazının tranzitini dayandırıb
Dünya
2612
02 Jan 2025 | 00:04

Ukrayna öz ərazisindən Rusiya qazının tranzitini dayandırıb

"Bu, tarixi hadisədir və Ukraynanın milli maraqları ilə bağlıdır..."
 
Qərbi Sibir qazının Ukrayna üzərindən Avropaya tranzitini nəzərdə tutan 2019-cu il  müqavilələrinin müddəti 2025-ci il yanvarın 1-də başa çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri məlumat yayıb.
 
Ukrayna tranzitin dayandırılmasını "tarixi hadisə" adlandıraraq, bunun "milli təhlükəsizlik maraqları" ilə bağlı olduğunu bəyan edib.
 
"Rusiya bazarlarını itirir və maliyyə itkiləri ilə üzləşəcək. Avropa artıq Rusiya qazından imtina etmək qərarı verib. "Repower EU" təşəbbüsü də məhz Ukraynanın bu gün etdiyi addımları nəzərdə tutur, - deyə Ukraynanın energetika naziri German Qaluşşenko vurğulayıb.
 
Çərşənbə günü səhər Ukrayna Energetika Nazirliyinin saytında yayımlanan bəyanatda bildirilir ki, qaz-nəqliyyat sisteminin infrastrukturu əvvəlcədən sıfır tranzit rejimində işləməyə və Ukrayna istehlakçılarının qaz təchizatını təmin etməyə hazırlanıb.
 
Yanvarın 1-də Rusiyanın "Qazprom" şirkəti qaz tranziti üçün texniki və hüquqi imkanlarını itirdiyini açıqlayıb. "Moskva vaxtı ilə saat 8:00-dan etibarən Rusiya qazının Ukrayna ərazisindən tranziti dayandırılıb", - deyə şirkətin Telegram-kanalında deyilir.
 
Tranzitin dayandırılması Ukraynanın "Qazprom" və "Naftoqaz Ukrayna" şirkətləri arasında 2019-cu ilin dekabrın 30-da imzalanmış müqavilələri uzatmaqdan imtinası ilə bağlıdır.
 
"Urengoy-Pomara-Ujqorod" qaz kəməri Tümen yataqlarından qazı Ukrayna ərazisinə, Kursk vilayətindən nəql edib (qazölçmə stansiyası Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan Suca bölgəsində yerləşir). Ukrayna ərazisindən keçdikdən sonra qaz boru xətti ilə Slovakiyaya daxil olur və daha sonra iki qola ayrılır.
 
Rusiya qazını Avropaya daşıyan digər qaz marşrutları da fəaliyyətini dayandırıb: "Yamal-Avropa" (Belarus vasitəsilə) və "Şimal axını" (Baltik dənizi vasitəsilə). Hazırda yalnız "Türk axını" qaz kəməri fəaliyyət göstərir. Bu kəmər Rusiyanın Krasnodar vilayətindən Qara dənizin dibi ilə Türkiyənin şimal-qərbinə uzanır və daha sonra "Balkan axını" vasitəsilə Türkiyədən Macarıstana doğru davam edir.
 
Bu arada Ukrayna üzərindən qaz tədarükünün dayandırılması fonunda Dnestryanı bölgədə istilik və isti su təchizatının dayandırıldığı məlum olub. "2025-ci il yanvarın 1-dən saat 7:00-dan etibarən əhaliyə, büdcə təşkilatlarına və digər mülkiyyət formalı təşkilatlara istilik enerjisi təchizatı dayandırılır. Stasionar müalicə müəssisələri isə istisna təşkil edir,” - "Tirasteploenerqo" yerli enerji şirkətinin bəyanatında qeyd olunur.
 
Dnestryanı bölgə Sovet İttifaqının dağılmasından bəri faktiki olaraq Rusiya tərəfdarlarının nəzarətindədir, lakin beynəlxalq səviyyədə bu region Moldova ərazisi kimi tanınır.
 
Dekabr ayında ABŞ "Şimal axını-2" layihəsində iştirak edən bir sıra Rusiya təşkilatlarına qarşı sanksiyalar tətbiq edib. Layihənin operatoruna qarşı əlavə tədbirlər də görülüb. Noyabrda isə "Qazprombank" və Rusiyanın onlarla maliyyə qurumuna qarşı sanksiyalar tətbiq olunub.
 
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, bu tədbirlər Rusiyanın beynəlxalq maliyyə sistemindən istifadə edərək Ukrayna xalqına qarşı "amansız müharibəni maliyyələşdirmə və aparma qabiliyyətini daha da zəiflətmək" məqsədi daşıyır.
Link kopyalandı!
Son xəbərlər