"Las-Veqas polisinin hazırda "Trump International Hotel"də baş verən partlayışın ölkədə qadağan olunmuş İŞİD terror təşkilatı ilə bağlı olduğuna dair heç bir sübut yoxdur".
Oxu.Az xarici KİV-ə istinadən bildirir ki, bunu şerif Kevin Makmahill bildirib.
Polis rəisi qeyd edib ki, "Cybertruck"da pirotexniki vasitələr və benzin qutuları aşkar edilib. Avtomobil elektriklə işlədiyindən partlayış yuxarıya istiqamətlənib və binanın girişinin şüşəsi qırılmayıb.
Şerif hotelin boşaldıldığını deyib. O, Trampın müttəfiqi və "Cybertruck" istehsalçısı "Tesla"nın sahibi İlon Muska araşdırma üçün faydalı olan məlumatları paylaşdığına görə təşəkkür edib.
Eyni zamanda, Federal Təhqiqatlar Bürosunun (FTB) xüsusi agenti Ceremi Şvarts hadisənin terror hücumu adlandırılmasının tez olduğunu bildirib.
02:05
"Tesla" şirkətinin rəhbəri İlon Mask Las-Veqasda "Trump International Hotel" yaxınlığında "Tesla Cybertruck"ın partlamasına reaksiya verib.
Bununla bağlı amerikalı sahibkar "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Mask vurğulayıb ki, şirkətinin yüksəksəviyyəli peşəkarlardan ibarət komandası insidentlə bağlı araşdırma aparır. Əlavə məlumat əldə olunduqca ictimayyətə məlumat veriləcək.
"Biz heç vaxt belə bir şey görməmişik", - Mask yazıb.
02 yanvar, 01:45
Nevada ştatının Las-Veqas şəhərindəki 64 mərtəbəli "Trump International Hotel"in qarşısında "Tesla Cybertruck" pikapının partlaması nəticəsində bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
Bu barədə Las-Veqas polisi mətbuat konfransında bildirib.
"Cybertruck" hotelin şüşə qapılarının qarşısında dayandıqdan sonra maşından tüstü çıxdığını gördük, sonra isə güclü partlayış baş verdi. "Cybertruck"ın içərisində olan şəxs həlak oldu. Partlayış nəticəsində yeddi nəfər xəsarət alıb", - açıqlamada deyilir.
Qeyd olunur ki, hüquq-mühafizə orqanları həlak olanın şəxsiyyətini müəyyən edə bilməyib. Polis hadisəni potensial terror hücumu kimi araşdırır. Məlumata görə, müstəntiqlər hələlik partlayışın dəqiq səbəbini müəyyən etməyiblər, lakin avtomobildə pirotexniki vasitələr olub.
01 yanvar, 23:15
ABŞ-nin Las-Veqas şəhərində "Tesla Cybertruck" avtomobili Donald Trampa məxsus hotelin yaxınlığında partlayıb və yanıb.
Bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Partlayış "Trump International Hotel"in yaxınlığında baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hündürmərtəbəli binanın yaxınlığındakı yolları bağlayıblar. Şəhər sakinlərinə hadisə baş verən ərazidən uzaq durmaq tövsiyə olunub.
Partlayışın səbəbi ilə bağlı araşdırmalar aparılır.