"Avropalılar Ukraynaya sülhməramlı qüvvələr göndərərsə, bu, üçüncü dünya savaşına çevrilə bilər..."
Bu il imzalanacaq hər-hansı sülh razılaşmasının Rusiya-Ukrayna münaqişəsini tamamilə həll edəcəyi inandırıcı deyil.
Moderator.az xəbər verir ki, bu barədə "Newsweek" nəşri ekspertlərin rəylərinə istinadən yazıb.
Ekspert rəylərinə əsasən, 2025-ci il ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın səyləri nəticəsində Ukraynada aktiv hərbi əməliyyatlar dayandırıla bilər. Lakin bu, Ukrayna ilə Rusiya arasında tam barışıq mənasına gəlməyəcək.
Nəşr qeyd edir ki, 2025-ci ilin əvvəlində Rusiyanın döyüş meydanında hücum təşəbbüsünü qoruyub saxlaması ehtimalı böyükdür. Yanvarın 20-də Ukraynada dərhal müharibəni dayandıracağını vəd edən Trampın andiçmə mərasimi keçiriləcək.Onun komandası artıq hər iki tərəfi güzəştlərə məcbur etmək niyyətini açıqlayıb.
Fransanın ESSEC Geosiyasət və Biznes Mərkəzinin akademik həmsədri Çedomir Nestoroviç qeyd edir ki, Trampın Ukraynaya hərbi dəstəyini sadəcə davam etdirmək istəməməsi Kiyevi "çox gec olmadan danışıqlara başlamağa" məcbur edəcək. Onun fikrincə, atəşkəs müqaviləsi bağlandıqda Ukrayna NATO-dan formal üzvlük olmadan dəstək alacaq, Rusiya isə sanksiyaların qismən yumşaldılmasına nail olacaq.
"Ukraynanın ərazi itkisi onun üçün daimi itki anlamına gəlmir, çünki həm Rusiya, həm də Ukraynanın tələblərini təmin etmək üçün bir çox düstur fikirləşmək olar", - Nestoroviç əlavə edib.
ESSEC Biznes Məktəbindən siyasi elmlər üzrə professor Orelyen Kolson da bu il sülh danışıqlarının başlanacağını gözləyir.
"Putin Ukraynaya təqdim ediləcək əlavə hərbi vasitələrdən qorxaraq, Zelenski isə ABŞ-ın dəstəyinin əhəmiyyətli dərəcədə azalmasının qarşısını almaq üçün danışıqlara razılaşacaq. Hər iki halda bu, müharibənin sonu deyil, daha çox silahlı atəşkəs olacaq", - deyə Kolson bildirib.
NEOMA Biznes Məktəbindən (Fransa) beynəlxalq idarəetmə və geosiyasət üzrə professor Edqar Bellou isə 2025-ci ildə "müharibənin həlledici şəkildə dayandırılması"nı istisna etmir, lakin daha çox dondurulmuş münaqişə ssenarisinə üstünlük verir. Bu ssenaridə davam edən toqquşmalar, "həll olunmamış ərazi mübahisələri və dövri eskalasiyalar" yer alır.
Bununla yanaşı, "Ukrayna üçün ümid" xeyriyyə təşkilatının baş direktoru və təsisçisi Yuri Boyeçko yaxın vaxtlarda aktiv hərbi əməliyyatların dayandırılmasını proqnozlaşdırmadığını bildirib.
"Qərbin Rusiyaya təklif edəcəyi hər hansı sülh razılaşmasını onların qəbul edəcəyini düşünmürəm. Bu, üç-altı aylıq qısa sülh ola bilər, amma avropalılar Ukraynaya sülhməramlı qüvvələr göndərərsə və ruslar onlara atəş açarsa, bu, üçüncü dünya savaşına çevriləcək", - deyə o, bildirib.