Bizi sosial şəbəkələrdən izləyin:
Cənubi Koreyanın "Jeju Air" aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsinin Muan hava limanında qəzaya uğraması nəticəsində 181 sərnişindən 179-u həlak olub.
Teleqraf.com "Yonhap" agentliyinə istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarədən yalnız iki stüardessa sağ çıxıb. Stüardessalardan biri reanimasiya şöbəsində özünə gəlib və çoxsaylı sınıqlara baxmayaraq danışa bilir .
Agentliyin məlumatına görə, söhbət Li soyadlı 33 yaşlı stüardessadan gedir.
O, xəstəxanadakı həkimlərə "Oyananda məni artıq xilas etdilər" - deyə, bildirib.
Müəssisənin baş həkimi mətbuat konfransında bildirib ki, qadından qəzanın təfərrüatı soruşulmayıb, çünki həkimlərin fikrincə, bu, ona zərər verə bilər. O əlavə edib ki, stüardessa ünsiyyət qura bilir və yaddaş itkisi əlamətləri görsənmir.
Sağ qalan digər stüardessa - Koo adlı 25 yaşlı qadın başından və ayaq biləyindən xəsarət alıb və vəziyyəti stabildir. O, hazırda Seulun şərqindəki tibb mərkəzində müalicə olunur .
Qeyd edək ki, dekabrın 29-da Banqkokdan uçan "Boeing 737" təyyarəsi Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayıb. Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxaraq beton maneəyə çırpılıb, sonra isə partlayıb. Qəzanın ilkin səbəbi kimi quşlarla toqquşma nəticəsində eniş şassi sisteminin sıradan çıxması göstərilir. Təyyarədə ümumilikdə 181 nəfər olub. Onların arasında 173 Koreya və iki Tailand vətəndaşı var . Media qəza zamanı təyyarənin arxasında olan yalnız iki stüardessanın sağ qala bildiyini yazıb.
Bundan əvvəl Cənubi Koreya Boeing-in qəzaya uğramasında pilotun səhvi ehtimalını qiymətləndirmişdi.