Bizi sosial şəbəkələrdən izləyin:
Çeçenistanın rəhbəri Ramzan Kadırov AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulmasına görə onu ittiham edən azərbaycanlıları hədələyib.
Modern.az xəbər verir ki, bu ittihamlar ayrı-ayrı azərbaycanlılar tərəfindən Kadırovun Telegram kanalına yazılan şərhlərdə yer alıb.
Çeçenistanın rəhbəri həmin ittihamları belə cavablayıb:
“Əgər siz məni əsassız olaraq günahlandırır və təhqir edir, şərəf və ləyaqətimi alçaltmağa cəhd göstərirsinizsə, o zaman uca Allaha and olsun ki, mənim ailəmin şərəf və ləyaqətini qoruyacaq qanun yoxdur”.
Ramzan Kadırov daha sonra hədəsini belə davam etdirib:
“Hər şeydən istifadə edəcəm. Xalqımın, tayfamın, ailəmin və mənim şərəf və ləyaqətimi ləkələmək istəyənlərə heç vaxt təslim olmayacam. Mən hər şeyi edəcəyəm və sizə layiqli cavab verəcəyimə söz verirəm”.
Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları”na məxsus "Embraer 190" təyyarəsi Çeçenistan səmasında Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib.
Rusiya tərfi izin itirilməsi məqsədilə "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib.
"Embraer 190"ın ekipajı böyük şücaət göstərərək, təyyarəni Xəzər dənizinə düşməkdən xilas edərək, onu Aktau şəhərinə çatdıra bilib.
Təəssüf ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi etməyə məcbur olub. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub. Həlak olanlardan 25-i Azərbaycan vətəndaşıdır.
Məhz pilotların gərgin səyləri nəticəsində 29 nəfər olaydan sağ qurtula bilib.