"ABŞ-ın idxal rüsumları Çinin iqtisadi gücünün artmasının qarşısının alınmasına yönəlib..."
Bayden administrasiyası Trampın Çin mallarının idxalına tariflərin artırılması planını kəskin tənqid edib, sonra isə Pekinə qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib.
Moderator.az xəbər verir ki, bu barədə Çinin "Quança" nəşri yazıb.
Müəllifin fikrincə, ticarət savaşı Amerika şirkətləri üzərində asılan "domokl qılıncı"na çevrilib.
Son dörd ildə özünün "iqtisadi nailiyyətləri ilə" öyünməsi üçün Co Bayden imkanlarından istifadə edərək Donald Trampın mallara tariflərin artırılmasını "böyük yanlışlıq" adlandırıb. Lakin sonradan onun administrasiyası Çindən idxal edilən əsas mallara yeni sanksiyalar tətbiq edib.
Qonkonqun "South China" qəzeti məlumat verib ki, Birləşmiş Ştatlar tərəfindən tətbiq edilən son idxal rüsumları "Çinin iqtisadi gücünün artmasının qarşısının alınmasına" yönəlib və 2025-cu il yanvarın birindən qüvvəyə minəcək.
Birləşmiş Ştatlar bir müddət ərzində Çinin ünvanına əsassız ittihamlar irəli sürüb. ABŞ maliyyə naziri Canet Yellen bəyan edib ki, dünyanın iki nəhəng iqtisadiyyatları arasında "rabitə kanallarını açıq saxlamaq son dərəcə vacibdir". Əgər ABŞ-ın növbəti hökuməti Çin istehsalı olan mallara daha yüksək rüsumlar tətbiq edərsə, Pekinin hücuma keçəcəyi gözlənilir.
Çin mallarına əlavə rüsumlar tətbiq etmək siyasəti ilk olaraq Tramp tərəfindən gerçəkləşməsinə rəğmən, bu ilin may ayında Bayden administrasiyası Çin idxalına yüksək rüsumlar tətbiq edib. Bayden və ya Trampın siyasətindən aslılı olmayaraq, Çinə təzyiq heç vaxt dayanmayıb.
Çin Ticarət Nazirliyi ikili təyinatlı müvafiq mallara ixrac nəzarətinin gücləndirilməsi ilə bağlı bəyanatla çıxış edib. Elə həmin gün Çinin dörd əsas sahə assosiasiyaları həmçinin kollektiv bəyanat verərək ölkə şirkətlərinə artıq təhlükəsiz və etibarlı olmayan Amerika çiplərinin alışında ehtiyatlı olmağı məsləhət görüb.
Birləşmiş Ştatların qəbul etdiyi ticarət proteksiyası tədbirlərinə gəldikdə, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi bundan öncə iqtisadi və ticarət məsələlərinin siyasiləşdirildiyini qeyd edib. İnvestorlar böyük itkilərə məruz qalacaq, Amerika istehlakçıları isə böyük bədəl ödəyəcək.
Çin ABŞ-a Beynəlxalq Ticarət Təşkilatının qaydalarına əməl etməyə və əlavə rüsumların ləğv edilməsinə çağırış edib. Pekin öz hüquqları və maraqlarının müdafiəsi üçün bütün zəruri tədbirləri görəcək.
Çin və ABŞ-ın maraqları bir-birinə dərindən bağlıdır. Ticarət savaşı Amerika şirkətləri üzərində "damokl qılıncı"na çevrilib. Tariflərdən silah kimi istifadə edilməsi heç də bütün problemləri həll edə bilməz.