“Dəvənin belini sındıran pilotsuz təyyarə”, yoxsa məhv olmuş müştəri?
Dünya
1576
11:22, Bu gün

“Dəvənin belini sındıran pilotsuz təyyarə”, yoxsa məhv olmuş müştəri?

Moderator.az olaraq Ukrayna Müdafiə Nazirliyi Kəşfiyyat Baş İdarəsinin (KBİ) yüksək peşəkarlıqla həyata keçirdiyi əməliyyatlar haqqında istər Ukrayna, istərsə də Rusiya və dünya mediasında yayılmış xəbərlərin qısa icmalını oxucularımıza təqdim etmişdik. Sadəcə olaraq, Suriya hadisələri dünya gündəmini zəbt etdiyi bir vaxtda Əsəd rejiminin devrilməsində də Ukrayna kəşfiyyatçılarının payı və rolu olduğunu diqqətə çatdırmağı məqsədəuyğun hesab edirik.
 
Rusiya-Ukrayna müharibəsində Ukrayna MN KBİ-nin Rusiyanın hərbi obyektlərinə dəfələrlə zərbə vurduğunun şahidi olmuşuq. Son günlər alınan xəbərlərdən məlum olur ki, Ukrayna kəşfiyyatçıları Rusiyaya qarşı həm də xarici ölkələrin ərazisində fəaliyyət göstərirlər. The Washington Post nəşrinin bu günlərdə yaydığı məlumata görə Ukrayna KBİ birbaşa Suriya əməliyyatlarında iştirak edib. The Washington Post-un məlumatlı mənbələrinə görə, Ukrayna kəşfiyyatı 4-5 həftə əvvəl Suriyanın İdlibdəki üsyançıların qərargahına 20-yə yaxın təcrübəli operator və 150-yə yaxın FPV sinifli PUA göndərib. Kiyevin hərbi yardımı, amerikalı jurnalistlərin fikrincə, Ukraynanın Yaxın Şərqdə, Afrikada və Rusiyanın özündə “Rusiyanın mövqelərinə gizli şəkildə hücum etmək səylərinin diqqətəlayiq hissəsidir”. The Washington Post-un jurnalistləri belə qənaətə gəlirlər ki, ölkə daxilində Rusiyanın genişmiqyaslı təcavüzü ilə üzləşən Ukrayna kəşfiyyatı Rusiyanın və müttəfiqlərinin mövqelərini sarsıda biləcək başqa ərazi cəbhələri axtarır.
 
Eyni zamanda, Ukraynanın ingilisdilli nəşri “Kyiv Post” 3 iyun 2024-cü ildə Ukrayna hərbi kəşfiyyatındakı mənbəyə istinadən xəbər verir ki, “ilin əvvəlindən ukraynalı əməliyyatçıların dəstəklədiyi suriyalı üsyançılar Rusiyaya qarşı çoxsaylı hücumlar həyata keçiriblər”.
 
Material Suriyada Ukraynanın dəstəklədiyi üsyançılar tərəfindən məhv edilən daş bunkerə, ağ furqona və digər hədəflərə PUA-ların hücumlarını əks etdirən video görüntülərlə müşayiət olunub.
 
“Kyiv Post”-un məlumatına görə, Suriyada sözügedən əməliyyat Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Ximik” kimi tanınan xüsusi bölməsi tərəfindən “Suriya müxalifəti ilə əməkdaşlıq çərçivəsində” həyata keçirilib.
 
Rusiya Federasiyasının Ukrayna MN KBİ əməliyyatlarına Rusiya rəsmiləri, hətta Bəşər Əsəd rejiminin süqutundan əvvəl də Ukrayna hərbçilərinin Suriyadakı hərəkətlərindən dəfələrlə şikayət ediblər.
 
Rusiya Federasiyasının Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev 2024-cü ilin noyabrında TASS-a müsahibəsində deyib: “Bizdə faktiki olaraq Müdafiə Nazirliyinin KBİ-nin ukraynalı mütəxəssislərinin İdlib ərazisində yerləşdiyi barədə məlumat var. ”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabr ayında Suriyanın hökumətyönlü “Əl-Vətən” qəzetinə “Ukrayna kəşfiyyatçıları” və onların “çirkli əməliyyatları” haqqında danışıb. Nəşr iddia edib ki, MN KBİ – nin rəhbəri general-leytenant Kirill Budanov üsyançı liderlərlə şəxsən əlaqədədir. Keçən həftə ənənəvi həftəlik brifinqində Mariya Zaxarova Ukraynanın Suriyada “təxribatlarla məşğul olduğunu” vurğuladı. Yeri gəlmişkən, Suriyada Ukraynanın fəaliyyətinə yalnız Rusiya deyil, ötən həftə İran da münasibət bildirdi  və açıq şəkildə Ukraynaya çağırış edib Suriya üsyançılarını dəstəkləməyə son verməsini bildirmişdi.
 
Əsədin devrilməsindən əvvəl də Rusiya rəsmiləri Ukraynanın üsyançı qüvvələrlə əlaqələrinin Ukraynanın Kremlə qarşı suriyalı döyüşçüləri cəlb etmək cəhdi olduğunu iddia edirdilər. 
 
Rusiya üsyançı qoşunların Dəməşqə doğru sürətlə irəliləməsindən səmimi təəccübləndi, lakin bu irəliləyişdə Ukraynanın rolunu bilərəkdən azaltmağa çalışdı, The Washington Post-un jurnalistləri vəziyyəti bu cür şərh edirlər.
 
Suriyadakı əməliyyat Ukrayna hərbi kəşfiyyatının xaricdə aktiv şəkildə Rusiya ordusunu təqib etdiyi yeganə hal deyil.
 
2024-cü ilin avqustunda BBC-i Ukraynanın Malidəki üsyançılara Vaqner-dən olan rus hərbi muzdlularını pusquya salmaqda kömək etdiyini bildirdi. 27 iyul 2024-cü il tarixli hücum nəticəsində 84 rusiyalı muzdlu Vaqnerçi öldürülüb.
 
Qeyd edək ki, general-leytenant Kirill Budanovun rəhbərlik etdiyi kəşfiyyat idarəsinin aktiv  əməliyyatları Ukrayna kəşfiyyatının imza üslubuna çevrilib. Və 2023-cü ilin aprelində The Washington Post-un jurnalistləri Budanovdan kəşfiyyatçılarının Ukraynadan kənarda, xüsusən Afrikada Rusiya hərbçilərinə qarşı əməliyyatları barədə soruşanda general belə cavab vermişdi: “.. biz imkan daxilində Rusiya Federasiyasının hərbi potensialını azaltmağa yönəlmiş bu cür əməliyyatları həyata keçiririk. Niyə Afrika istisna olmalıdır?”
Ukraynanın Suriya üsyançılarına verdiyi yardım, The Washington Post-a görə, “dəvənin belini sındıran pilotsuz təyyarə” deyildi, əksinə, “Rusiyanın Yaxın Şərqdəki ən mühüm müştərisini məhv etməyə” yönəlmişdi.
 
Rusiya Yaxın Şərqdəki əsas müttəfiqi, diktator Bəşər Əsədin hakimiyyətini xilas edə bilmədi. Rusiyanın bacardığı yeganə iş Bəşər Əsəd və ailəsinin Moskvaya qaçması üçün gizli əməliyyat keçirməsi oldu. Halbuki, burada da rusların sırf maliyyə maraqları var.
 
Moderator.az
Analitik qrupu
Link kopyalandı!
Son xəbərlər