Polşada polis əməkdaşları maaşlarının 15% artırılması və mənzil əlavələrinin təmin edilməsi tələbi ilə ölkə miqyasında etiraz aksiyasına başlayıblar. Musavat.com Polşa mediasına istinadla bildirir ki, Müstəqil Özünüidarəedən Polis Həmkarlar İttifaqının (NSZZ Policjantów) məlumatına görə, hökumətlə aparılan uzunmüddətli danışıqlar nəticəsiz qaldığı üçün bu addım atılıb.
NSZZ Policjantów-un bəyanatında qeyd olunur ki, aylardır hökumətlə əməkdaşların iş şəraitinin yaxşılaşdırılması və adekvat maaşların təmin edilməsi üçün danışıqlar aparılsa da, Daxili İşlər və Administrasiya Nazirliyi (MSWiA) dialoqa maraq göstərməyib və tələbləri nəzərə almayıb. Buna görə də, etiraz aksiyası polis əməkdaşlarının ləyaqətinin müdafiəsi və iş şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.
Daxili İşlər və Administrasiya naziri Tomasz Siemoniak, Polşa Radiosunun Birinci Proqramında çıxışı zamanı, polis əməkdaşlarının tələblərinə cavab olaraq, gələn il üçün 15% maaş artımının mümkün olmadığını bildirib. O, cari ilin əvvəlində artıq 20% maaş artımının həyata keçirildiyini xatırladaraq, əlavə artım üçün büdcədə kifayət qədər vəsaitin olmadığını vurğulayıb. Bununla belə, nazir mənzil əlavələrinin təmin ediləcəyini qeyd edib.
Siemoniak, həmkarlar ittifaqlarının liderlərinin büdcə məhdudiyyətlərindən xəbərdar olduqlarını və mövcud şəraitdə belə bir etiraz aksiyasının uyğun olmadığını bildirib. O, polis əməkdaşlarının tələblərini dinlədiyini və problemlərin fərqində olduğunu, lakin bütün tələblərin yerinə yetirilməsi üçün kifayət qədər maliyyə resurslarının olmadığını qeyd edib.
Polis həmkarlar ittifaqları isə etiraz aksiyasının hökumət ciddi danışıqlara başlayana və tələblərin yerinə yetirilməsi üçün real addımlar atana qədər davam edəcəyini bəyan ediblər. Onlar, MSWiA-nın yaranmış vəziyyətə görə tam məsuliyyət daşıdığını və gərginliyin artmasına səbəb olduğunu bildiriblər.
Musavat.com bildirir ki, Polşanın indiki siyasi rəhbərliyi erməni simpatizanlarıdır.
Nümumə üçün deyək ki, Polşa prezidenti Andjey Duda noyabrın 26-da Ermənistana rəsmi səfər edib və səfər çərçivəsində Azərbaycanı incidəcək açıqlamalar verib, davranışlar sərgiləyib. O, Ermənistan-Azərbaycan sərhəd bölgəsinə baş çəkib və Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının (EUMA) üzvləri ilə görüşüb. Bu səfər Azərbaycan tərəfindən ciddi narazılıqla qarşılanıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) bu addımı “anti-Azərbaycan siyasətinin növbəti nümayişi” kimi qiymətləndirib. XİN-in bəyanatında qeyd olunub ki, “Azərbaycanın ‘strateji tərəfdaşı’ olan ölkənin prezidentinin Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik ‘binokl şousu’nda iştirak etməsindən dərin təəssüf hissi keçiririk”.
Əlamətdar haldır ki, ermənipərəst Fransa kimi, Polşa da daxili böhranlarda boğulur...
(musavat.com)