"Oda bürünən dünyada bunun ən yüksək bədəlini əhalinin ən həssas təbəqəsi olan uşaqlar, qadınlar, məhdud imkanlı insanlar və kasıblar ödəyir..."
BMT dünya birliyindən humanitar fəlakətin qarşısının alınması üçün yardım istəyib
Birləşmiş Millətlər Təşkilatı 2025-ci ildə dünyada humanitar böhranların qarşısının alınması məqsədilə 47 milyard dollar ayrılması üçün dünya birliyinə çağırış edib.
Moderator.az xəbər verir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini və fövqəladə yardım əlaqələndiricisi Tom Fletçer Cenevrədə çıxışında bəyan edib.
"Ardı kəsilməyən hərbi münaqişələr, iqlim dəyişikliyi və beynəlxalq humanitar hüquqa misli görünməyən etinasızlıq ona gətirib çıxarıb ki, növbəti ildə dünyada 305 milyon insanın həyatı əhəmiyyətli humanitar yardıma ehtiyacı olacaq, - Fletçer məlumat verib.
Humanitar yardıma ehtiyacı olanların sayı 1500-dən çox təşkilatdan əldə edilən məlumatların təhlili əsasında dəyərləndirilib. Gələn il humanitar yardımla yalnız 190 milyon insan əhatə ediləcək. Bunun səbəblərindən biri maliyyələşmə qıtlığıdır.
"Oda bürünən dünyada əhalinin ən həssas təbəqəsi olan uşaqlar, qadınlar, məhdud imkanlı insanlar və kasıblar bunun ən yüksək bədəlini ödəyir", - o, vurğulayıb və əlavə edib ki, növbəti ilə həyəcanla baxır.
Özünün prioritetləri sırasında Fletçer münaqişələr nəticəsində xarici aləmdən təcrid olunan rayonlara zəmanətli çıxışın təmin edilməsini qeyd edib.
"Bizim işimizin mürəkkəb və mühüm hissəsi humanitar yardlmın çoxsaylı sərhədlərdən və nəzarət-buraxılış məntəqələrindən keçməklə çatdırılmasıdır. Biz tez-tez avtomobil kolonunda hər bir yük maşınının keçməsinə nail olmaq zərurətilə üzləşirik. Ona görə də söhbət təkcə Qəzza, Ukrayna, Sudan və ya Suriya münaqişələrinin qəddarlığında deyil, həm də beynəlxalq hüquqa qəsdən etinasız münasibətdədir", - o, deyib.
Fletçer həmçinin "donorların bezməsindən" danışıb. O, izah edib ki, BMT-nin ötən ildə humanitar ehtiyaclar üçün 50 milyard dollarlıq sorğusu cəmi 43 faiz təmin edilib.
"Qlobal humanitar sistem həddən artıq yüklənib, kifayət qədər maliyyələşmir və sözün həqiqi mənasında hücuma məruz qalıb. Biz qlobal həmrəyliyi gücləndirməliyik", - Fletçer vurğulayıb.
Bundan başqa, BMT ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qayıdışı ilə bağlı növbəti ildə humanitar təşkilatların büdcəsinin nəinki artırılmayacağı, həm də azalacağından ehtiyat edir.
Çünki ABŞ dünyada humanitar yardımın ən böyük donorudur. Fletçerin sözlərinə görə, yaxın aylarda o, Amerikanın yeni administrasiyası ilə dialoqu nizama salmaq üçün zamanının çoxunu Vaşinqtonda keçirəcyini vurğulayıb.