Bizi sosial şəbəkələrdən izləyin:
Azad Suriya Ordusunun Tel-Rıfatı nəzarətə götürməsi ABŞ-ın “kürd dəhlizi” planına ciddi əngəl yaradır: illərdir gündəmdə olan bu planın icrası xüsusilə Trampın dövründə aktual olub və yenidən aktuallaşacağı gözləniləndir; PYD/YPG terror təşkilatının rəhbərliyinin Trampın andiçmə mərasiminə dəvət edilməsi də bundan xəbər verir.
Belə görünür ki, Türkiyə mümkün risklərə qarşı bütün şərtlərin xeyrinə olduğu mövcud vəziyyətdən istifadə edir. Hərçənd, Türkiyənin rəsmi mövqeyi - “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının hücumları ilə bağlı sərgilədiyi münasibət Ankaranın baş verənlərdə maraqlı olmadığı görüntüsü yaradır. İstisna deyil ki, diplomatik manevr olan belə mövqenin məqsədi də elə görüntü yaratmaqdır, çünki Əsəd rejiminə qarşı hücumlar Rusiya və İranla üz-üzə gəlmək deməkdir, Ankara maksimum bundan yayınmağa çalışır.
Lakin HTŞ-nin hücumları Türkiyə ilə yanaşı, ABŞ və İsrailə də sərf edir. Bu baxımdan, maraqlar və pərdəarxası oyunçular mürəkkəb görünür. Baş verənlərdə aydınlaşdırıcı məqam HTŞ-nin PYD/YPG-yə qarşı atacağı addımlar, yaxud Əsəd rejiminə qarşı əməliyyatının terror təşkilatının Suriyadakı mövqelərinə necə təsir edəcəyi olacaq.
Bütöv pazlda baxdıqda Suriyada Əsədlə bağlı yarımçıq qalmış işin tamamlanması prosesi əslində dəhlizlər uğrunda mübarizənin tərkib hissəsidir və burada həlledici amil olacaq kürd faktoru üzərində cəbhələşmə görünəndən daha mürəkkəbdir.
Axar.az