Bizi sosial şəbəkələrdən izləyin:
"Kreml Suriyada Rusiya qoşunları komandanını istefaya göndərib..."
Suriyada müxalif qüvvələrin üç gün ərzində uğurlu hücumlarından sonra Rusiya qoşunları xeyli itkilərə məruz qalıb. Rusiyalıların bəzi bölmələri mühasirəyə düşüb.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi məlumat verib. Məlumatı "24tv.ua" nəşri yayıb.
Baş Kəşfiyyat İdarəsi qeyd edib ki, yüzlərlə rusiyalı hərbçi itkin düşmüş hesab edilir. Bu uğursuzluqlar fonunda Rusiya qoşunlarının Suriyadakı komandanı general Sergey Kisel istefaya göndərilib.
Bundan öncə o, rusiyalı işğalçıların Ukraynada uğursuz fəaliyyətinə görə cavabdeh olub. Bu səbəbdən o, əvvəlki vəzifəsindən azad edilərək Suriyaya göndərilib.
Kəşfiyyatçıların sözlərinə görə, Kiseli Rusiya qoşunlarının Suriyada 2017-2019-cu illərdə komandanı olan general Aleksandr Çayko əvəzləyəcək. O, artıq Suriyaya gəlib.
Çaykodan başqa, Suriyada Rusiya Hərbi-Dəniz Donanması komandanı, admiral Aleksandr Moiseyev də görünüb. O, Tartus şəhərində hərbi-dəniz bazasında olub.
Suriyada müharibə-son xəbərlər
Xəbər verildiyi kimi, Suriyada üsyançılar sürətlə hücum edir və öz nəzarət zonasını genişləndirir. O cümlədən onlar Həma əyalətinin mərkəzi-qərb hissəsində irəliləyib.
Bundan başqa, Suriyanın hökumət qüvvələri Hələb şəhərindən geri çəkilib. Ötən illərdə bu şəhər şiddətli döyüşlər meydanına çevrilib, bu zaman hökumət qüvvələri Rusiya və İranın dəstəyilə şəhəri ələ keçirməyə nail olub.