Bizi sosial şəbəkələrdən izləyin:
İspaniya Polisi Ukraynadan gətirilən dronlarla narkotik maddə daşıyan cinayətkar şəbəkəni zərərsizləşdirib
İspaniya hüquq-mühafizə orqanları Alxesiras şəhərində pilotsuz uçuş aparatlarından istifadə edərək ölkəyə həşiş gətirməkdə ittiham olunan cinayətkar təşkilatı ifşa edib.
Milli Polisin yaydığı press-relizdə bildirilir ki, Ukraynada istehsal olunan "narkodronlar" avtomobil yolu ilə İspaniyanın cənubuna gətirilərək narkotik qaçaqmalçılığında istifadə olunurdu. Hər uçuşda təxminən 10 kq həşiş daşımağa qadir olan bu dronlar 50 km-dən çox uçuş məsafəsinə malikdir və Cəbəllütariq boğazını eniş etmədən keçə bilirdi.
Avropolun dəstəyi, eləcə də Ukrayna və Polşa polisinin iştirakı ilə aparılan istintaq çərçivəsində Alxesiras və Marbelya şəhərlərində 6 ayrı-ayrı əməliyyat keçirilib. Nəticədə 10 nəfər saxlanılıb, onlardan 7-si həbs edilib.
Əməliyyat zamanı cinayətkarların əl işləri olan iri dronlar və qaçaqmalçılıq üçün istifadə olunan digər avadanlıqlar aşkar edilib.