Dünya
462
21 Nov 2024 | 21:12

"İsrail İudeya və Samariyanı ilhaq etməyə hazırlaşır" - Amerikalı jurnalist

"Bu, BMT Təhlükəsizlik Şurasının münaqişənin iki dövlət əsasında nizamlanması barədə qətnaməsinə daban-dabana ziddir..."
 
İsrail rəhbərliyi çox qısa zamanda, böyük ehtimalla, iki həftədən sonra İudeya və Samariyanın ilhaq etməyə hazırlaşır.
 
Moderator.az xəbər verir ki, bu barədə tanınmış amerikalı jurnalist, Pulitser mükafatı laureatı Seymur Herş özünün "Sabstek" platformasında bəyan edib. Məlumatı "iz.ru" nəşri yayıb.
 
Məlumatda deyilir: "Bütün Qəzza, İudeya və Samariyaya nəzarət edilməsi hazırda İsrail hökumətində dominantlıq edən sağ dini təmayüllülərin əsas tələbidir".
 
"Bu həftə yaxşı məlumatlı amerikalı məmur mənə məlumat verib ki, İsrail rəhbərliyi ən yaxın gələcəkdə, mümkündür ki, iki həftədən sonra İordan çayının Qərb sahilini rəsmən ilhaq edəcək", - o, deyib.
 
"İsrail buna ümid edir ki, bu qətiyyətli addım münaqişənin iki dövlətin dinc yanaşı yaşaması prinsipi əsasında nizamlanması barədə istənilən söhbətlərə birdəfəlik son qoyacaq və ərəb dünyasının bəzi skeptik ovqatda olan nümayəndələrini Qəzzanın yenidən qurulmasının maliyyələşdirilməsi məsələsinə yenidən baxmağa inandıracaq", - o, bəyan edib.
 
Jurnalist vurğulayıb ki, ərəblərin İudeya və Samariya yaşayış məntəqələrinin sakinləri "İsrail polisi, habelə israilli məskunlar tərəfindən getdikcə daha sərt təzyiqə məruz qalır".
 
Seymur Herş, böyük ehtimalla, bu yaxınlarda İsrail maliyyə naziri, həm də Müdafiə Nazirliyində İudeya və Samariyada mülki administrasiyaya cavabdeh post tutan Betsalel Smotriçin İsrailin suverenliyinin bu regiona şamil edilməsinə hazırlıq görüldüyü barədə bəyanatından narahatdır.
 
Bu barədə siyasətçi Knessetdə "Dini sionistlər" fraksiyasının iclasında bəyan edib. Smotriçin fikrincə, İsrailin suverenliyinin İudeya və Samariyaya şamil edilməsi Ağ Evdə administrasiyanın əvəzlənməsindən sonra mümkün olacaq.
 
Ötən həftə ABŞ Dövlət Departamenti mətbuat xidməti rəhbərinin müavini Vedant Patel jurnalistlərə məlumat verib ki, Smptroçin 2025-ci ildə İudeya və Samariyanın bir hissəsinin mümkün ilhaqına hazırlıq barədə bəyanatları münaqişənin iki dövlət əsasında nizamlanması qərarına daban-dabana ziddir və sülhün bərqərar olmasına xidmət etmir.
 
Xatırladaq ki, Donald Tramp ilk prezidentlik dönəmində 2020-ci ilin yanvar ayında Fələstin-İsrail münaqişəsinin "Əsrin sövdələşməsi" adlı nizamlanma planının əsas müddəalarını elan edib.
 
Bunun əsasında iki dövlətin tanınması prinsipi dayanıb. O cümlədən İudeya və Samariyada yəhudilərin məskunlaşdığı yaşayış məntəqələri üzərində suverenliyinin tanınması da daxil olub.
 
2016-cı ilin dekabrında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2334 saylı qətnaməsində isə İsrailin işğal etdiyi ərazilərdə məskunlaşma siyasətinə son qoymaq tələb edilib. Lakin İsrail bunu icra etməkdən indiyədək imtina edir.
Link kopyalandı!
Son xəbərlər