Kim Çen In Ukraynaya 100 minlik ordu göndərir? -
Dünya
627
16:28, Bu gün

Kim Çen In Ukraynaya 100 minlik ordu göndərir? - "Pxenyan blef edir"

"Pxenyan buna risk etməz, bu, blefdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Şimali Koreyanın Rusiyaya Ukrayna müharibəsində kömək üçün daha 100 minlik ordu göndərə biləcəyi barədə yayılan məlumatı şərh edərkən deyib.
 
"Pxenyan blef edir. Rusiyaya göndərdiyi əsgərlər arasında ciddi itkilərin olması Şimali Koreya rəhbərliyini ciddi düşündürməyə vadar edib. Ona görə də düşünmürəm ki, Kim Çen In Rusiyaya göndərdiyi əsgərlərinin sayını 100 minə qədər artırmağa risk etsin. O, ağramayan başını ağrıtmayacaq. Düzdür, o ordusuna müharibəyə tam hazır olmaqla bağlı göstəriş verib. Ətrafında yaşanan gərginlik onu belə addım atmağa vadar edir. Bu səbəbdən də onun bundan sonra Rusiyaya daha 100 minlik əsgər göndərəcəyini zənn etmirəm. Digər tərəfdən, ABŞ başda olmaqla Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verməsi fonunda Pxenyan da böyük ehtimalla bu fikrindən daşınacaq", deyə Üzeyir Cəfərov bildirib.
 
 
Həmsöhbətimizin fikrincə, "Bloomberg" agentliyi məlumatı sadəcə olaraq, Ukraynaya təsir göstərmək üçün yayıb: 
 
"Adətən, informasiya agentlikləri arasında məqsədyönlü şəkildə müəyyən məqsədlərə xidmət edən məlumatlar yayılır. "Bloomberg" tanınmış agentlikdir. Yəqin ki, agentlik bu məlumatı da Kiyevə təsir göstərmək üçün yayıb. Bunda da məqsəd Ukraynanı gələcək addımlardan çəkindirmək olub".
 
Qeyd edək ki, "Bloomberg" agentliyi ekspert hesablamalarına istinadən Moskva ilə Pxenyan arasında əməkdaşlıq dərinləşəcəyi təqdirdə, Şimali Koreyanın Ukrayna müharibəsində Rusiyaya kömək üçün 100 minə qədər hərbçi göndərə biləcəyi barədə məlumat yayıb. Nəşrin həmsöhbətlərinin dediklərinə görə, belə bir addım qaçılmaz deyil. 
 
Xatırladaq ki, indilikdə Şimali Koreyanın 12 minə yaxın hərbçisinin Rusiyada olduğu bildirilir.Onların bir hissəsinin hətta Kursk istiqamətində döyüşlərə qoşulduğu da məlumatlar sırasında yer alır. 
 
 
 
Link kopyalandı!
Son xəbərlər