"Bu gənc insan çəkindirici amilin nə demək olduğunu anlamadan böyüyüb və ABŞ-ın nəhəngliyini bütün parlaqlığı ilə görməyib..."
1989-cu ildən İranın Ali dini lideri postunu tutan ayətüllah Əli Xamenei ağır xəstədir, lakin onun ölümünə böyük ümidlər bəsləməyə dəyməz. Çünki onun varisi özündən daha təhlükəli ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə Təl-Əviv Universiteti yanında INSS (İnstitute for National Security Studies) İnstitutunun eksperti Beni Sabati 12-ci telekanalın saytı ilə söhbətində bəyan edib. Məlumatı "israelan.com" nəşri yayıb.
Onun sözlərinə görə, Əli Xameneinin ehtimal edilən varisi 55 yaşlı ikinci oğlu Müctəba Xameneidir. Məhz o, böyük ehtimalla, Ali dini lider postunu tutacaq.
Müctəba Xamenei ictimaiyyətə açıq deyil və bir çox cəhətlərinə görə müəmmalı fiqurdur. Lakin onun xüsusilə İran İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) pərdəarxası təsiri böyükdür.
O, Tehran Universitetində təhsil alıb və İranın şiyə təhsil mərkəzi olan Qum şəhərində dinşünaslıq üzrə ixtisaslaşıb.
Ağır xəstə olan Əli Xamenei ölkədə ən geniş səlahiyyətlərə, o cümlədən Silahlı Qüvvələr və məhkəmə sistemi üzərində nəzarətə malikdir.
İran prezidenti İbrahim Rəisinin həlak olmasından sonra İranda onun varisi olaraq Müctəba Xameneinin təyin olunmasının mümkünlüyündən narahatlıq artmaqdadır.
"Bu gənc insan çəkindirici amilin nə demək olduğunu anlamadan böyüyüb", - Beni Sabati deyib.
"O, şah dönəmini və İran-İraq müharibəsini görməyib, o, ABŞ-ın nəhəngliyinin bütün parlaqlığını görməyib. O, gerçəkdən güman edir ki, bu postunda ona hər şeyi etmək imkanı veriləcək", - o, vurğulayıb.