Dünya
215
00:14, Bu gün

"İlon Maskla İranın ABŞ-dakı səfiri arasında gizli görüş keçirilib" - "The New York Times"

"Bu görüş Trampın İranla diplomatiyaya kökləndiyinin və "İran probleminin" həllinə aqressiv yanaşmanın daha tərəfdarı olmadığının əlamətidir..."
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yaxın ətrafından olan müşavir, milyardçı İlon Mask İranın ABŞ-dakı səfiri Əmir Səid İravani ilə görüşərək ABŞ  ilə İran arasında gərginliyin azaldılması yollarını müzakirə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri İranın iki məmuruna istinadən məlumat yayıb.
 
Məlumatda deyilir ki, görüş Nyu-Yorkda gizli yerdə keçirilib və bir saatdan artıq davam edib. Görüşün təşəbbüskarı Mask olub, görüş yerini İravani seçib.
 
Mask və İravaninin konkret nədən danışdıqları bəlli deyil, lakin bu görüş birbaşa təmas olmadan Tehrana Amerikanın rəsmi şəxsləri ilə aktual məsələləri birbaşa müzakirə etməyə imkan verib.
 
Görüşün gedişində İran səfiri Maska öz biznesini İrana keçirməyi təklif edib, buna razı olacağı təqdirdə ABŞ Maliyyə Nazirliyi tərəfindən dəstək tələb olunacaq. 
 
İstənilən halda İranın rəsmi şəxsləri bu danışıqları müsbət dəyərləndirir və hesab edir ki, görüşün özü və danışıqların tonu "yaxşı xəbərdir".
 
Nəşr qeyd edir ki, İranın yüksək vəzifəli məmuru ilə Mask arasında ilk görüş Tramp administrasiyası dönəmində, yeni seçilmiş prezidentlə İran arasında münasibətlərin gərgin tarixçəsinə rəğmən, Tehranla Vaşinqton arasında münasibətlər tonunun dəyişmə ehtimalını yüksəldir.
 
Bu görüş Amerikanın yeni liderinin İranla diplomatiyaya kökləndiyinin və "İran probleminin" həllinə aqressiv yanaşmanın daha tərəfdarı olmadığının erkən əlaməti ola bilər, bu isə onun bir çox respublikaçı partiyadaşları, habelə israillilərin üstünlük verdiyi yanaşmadır. 
 
Görüş həmçinin ABŞ-ın yeni prezidentinin praktiki olaraq daima yanında olan, hətta verilən məlumata görə, onun dünya liderləri ilə telefon danışıqlarında iştirak edən "Space X" və "Tesla" şirkətlərinin təsisçisinə qeyri-adi təsirini nümayiş etdirir.
 
Bununla birlikdə Trampın komandası bu görüşü özəl hesab edərək şərh verməkdən imtina edib. Mask nəşrin sorğusuna ümumiyyətlə cavab verməyib.
 
Xatırladaq ki, bir müddət öncə Amerikanın güc strukturları İranın Trampa qarşı sui-qəsd hazırladığı barədə kəşfiyyat məlumatları əldə edib. Bu da ABŞ Məxfi Xidmətini son həftələr ABŞ-ın yeni seçilmiş prezidenti ətrafında təhlükəsizlik tədbirlərini gücləndirməyə vadar edib.
 
Həmçinin məlumat verilib ki, Tramp İrana qarşı sanksiyaları əhəmiyyətli dərəcədə gücləndirməyi və Tehran tərəfdən Yaxın Şərqdəki qruplaşmalara dəstəyi və onun nüvə proqramını sarsıtmaq üçün neft satışından əldə etdiyi gəlirləri azaltmağı planlaşdırır.
 
Bundan öncə məlumat verilib ki, Donald Tramp İlon Maskın və prezidentliyə sabiq namizəd Vivek Ramasvaminin ABŞ hökumətinin yeni Səmərəlilik Departamentinə (DOGE) başçılıq edəcəklərini elan edib.
 
Bu departament dövlət xərclərini azaltmalı və bürokratiyanı sadələşdirməlidir. Bu barədə Amerikanın "Axios" portalı məlumat verib. Qeyd edək ki, Amerikanın yeni nazirliyinin adının abbreviaturası İlon Maskın tərəfdarı olduğu "Dogecoin" kriptovalyutasından götürülüb.
Link kopyalandı!
Son xəbərlər