Bizi sosial şəbəkələrdən izləyin:
“Amerikanın səsi” radiosunun fars dili redaksiyasının 42 yaşlı keçmiş əməkdaşı Mehdi (Kianuş) Səncəri İranın Tehran şəhərində ölüb.
Məlumatı BBC yayıb.
Onun intihar nəticəsində öldüyünə dair xəbərlər yayılıb. Nəşini görən dostları Kianuş Səncərinin intihar etdiyini təsdiqləyib.
Məlumata görə, Kianuş Səncəri ölümündən qabaq "X" səhifəsində belə yazıb: “Özünüifadəyə görə heç kim həbsdə olmamalıdır. Etiraz İranın hər vətəndaşının hüququdur. Dörd məhbus - Fatimə Seperi, Nəsrin Şakrami, Tumay Salehi və Arşam Rezai noyabrın 13-ü saat 19-dək sərbəst buraxılmasa, intihar edəcəyəm”.
Kianuş Səncəri 1982-ci il sentyabrın 11-də İranda anadan olub. 2008-2013-cü illərdə “Amerikanın səsi”ndə (“Voice of America Persian News Network”), Boroumand Fondu (“Boroumand Foundation”), İran İnsan Haqları Sənədləri Mərkəzi (“Iran Human Rights Documentation Center”) və İnsan Haqları Təşkilatında (“Iran Human Rights Organization”) Norveçdə işləyib. Keçmişdə tələbə-bloger olub.
O, 1999-2007-ci illərdə İranda bir neçə dəfə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. İki il Evin həbsxanasında yatıb, sonra İrandan İraqın şimalına qaçıb. O, “Amnesty International”ın yardımı ilə sığınacaq alaraq Norveçə sığınıb.
2016-cı ilədək xaricdə farsdilli media ilə əməkdaşlıq etdikdən sonra yaşlı anasına qulluq etmək üçün İrana qayıdıb. Ölkəyə qayıtdıqdan sonra həbs olunaraq 11 il azadlıqdan məhrum edilib.
2019-cu ilin əvvəlində, cəzasının üç ilində Sancəri xəstələnib. Həbsxana həkimi ona səhhəti ilə əlaqədar məzuniyyət vermək əvəzinə onu Əminabad psixiatriya xəstəxanasına köçürüb.
“Bir gün əllərimi qandalladılar, maşına mindirdilər və mühafizə altında Razi Ruhi Xəstəliklər Xəstəxanası kimi tanınan Əminabada apardılar. Məni düz palataya apardılar, iki əsgər keşikdə durdu. Gecə vaxtı tibb bacısı mənə çənəmi bağlayan bir şey vurdu. İynədən sonra huşumu itirdim, səhər oyananda gördüm ki, qollarım və ayaqlarımı çarpayıya zəncirləyiblər”, - o psixiatriya xəstəxanasındakı vəziyyəti belə xatırlamışdı. /Report/