Trampla Putinin gizli razılaşması, dünya yenidən bölüşdürüləcək
Dünya
453
14:32, Bu gün

Trampla Putinin gizli razılaşması, dünya yenidən bölüşdürüləcək

"ABŞ və Rusiya Trampın ilk hakimiyyəti dövründə dialoq müstəvisini genişləndirərək qlobal məsələlərə dair mühüm razılaşmalar əldə etməyə nail olmuşdular. Xatırlatma edim ki, 2016-cı il ABŞ seçkiləri Rusiyanın müdaxiləsinə dair məhkəmə işləri ilə yadda qalmış, 2020-ci il seçkiləri öncəsi xarici müdaxilə iddiası Trampın impiçmentinəcən yol açmışdı. Bu detalların fonunda Putin ABŞ-da 2024-cü il seçkiləri öncəsi “Mən Kamala Harrisi dəstəkləyirəm” deməklə qlobal media başlıqlarında Rusiyanın müdaxiləsinə dair mövqeləri məzhəkəyə qoymuşdu.
 
Təbii ki, Rusiya Trampın seçilməsində maraqlı idi və ona görə də Putinin onu qalibiyyət münasibətilə təbrik etməsi təbiidir. Putin Trampı “cəsarətli adam” adlandıraraq onun hakimiyyətə geri qayıdışının Rusiya ilə ABŞ arasında dialoqu daha da inkişaf etdirməyə töhfə verəcəyini bəyan edib".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə bildirib.
 
Ekspert NATO-nun hərbi xərclərinin tənzimlənməsi məsələsinə diqqət çəkərək Trampın 2024-cü ilin əvvəlində söylədiyi fikirləri xatırladıb:
 
"Tramp demişdi: “Qoy Putin NATO-nun müdafiə-hərbi xərcləri ilə bağlı qaydalara əməl etməyən Avopa dövlətlərini nə qədər istəyir əzsin”. Tramp birinci prezidentliyi dövründə ölkəni Suriyadan, Əfqanıstandan çıxardı. İkinci prezidentliyi dövründə isə Ukraynadan çıxarmaqla hədələyib, münaqişəni həll edəcəyi, Ukraynaya yardımları dayandıracağını bəyan edib və hakimiyyətə geri qayıtdığı üçün bu təhdidlər Avropada xüsusilə təşvişlə qarşılanmaqdadır. İndiyə kimi ABŞ Ukraynaya 175 milyard dollardan çox yardım ayırıb ki, onun da 65-ni sadəcə hərbi dəstək təşkil edib. Aİ-nin indiyədək Ukraynaya toplam yardımı isə 43,5 milyard avro olub. İndi isə Avropa öz üzərinə düşən hərbi xərclərin artacağından narahatdır. Tramp onsuz da NATO-nun Avropalı üzvlərinin hərbi xərcləri artırmasını istəyirdi və beləcə Rusiya ilə “əməkdaşlıq” ABŞ-a NATO çərçivəsində bu məqsədini reallaşdırmaq üçün lazımdır".
 
Ş.Cəlilzadənin fikrincə, 2028-ci ilədək Rusiya və ABŞ dünyanın yenidən bölüşdürülməsində mühüm anlaşmalara nail ola biləcəklər:
 
"Trampın Putinlə danışıqları istisna etməməsi barədə açıqlaması da bu çərçivədə izah oluna bilər. Putinin sülh şərti Ukraynanın neytral dövlət statusunu elan etməsi və artıq tutduğu ərazilərin Rusiya tərkibində qalmasını tanımasıdır. Bu, təxmini Trampın da mövqeyi sayıla bilər. Belə ki, Tramp ötən il media müsahibəsində bildirmişdi ki, Ukrayna torpaqlarının bir hissəsini Rusiyaya verə bilər ki, bu da onun sülhə və Rusiya-Ukrayna münasibətlərinin tənzimlənməsinə necə yanaşdığını göstərir. Aydındır ki, Tramp və Putin dünyanın müxtəlif qaynar nöqtələrində nüfuz bölgüsü razılaşmalarına nail olmağı hədəfləyirlər".
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər