Dünya
800
04 Nov 2024 | 21:23

"Sionistlər 360 kv. km ərazidə 2 milyon adamı dustaq edib" - Ərdoğan

"İsrailin Qəzzada törətdikləri ikinci dünya savaşı zamanı yaradılan ölüm düşərgələrini kölgədə qoyacaq..."
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin oktyabrından 50 minədək  adamın qətlə yetirildiyi Qəzza bölgəsində İsrailin hərəkətlərini "yüzilliyin ən qəddar soyqırımı" adlandırıb.
 
Moderator.az xəbər verir ki, bu barədə o, İstanbulda İqtisadi və Kommersiya Əməkdaşlığı üzrə Daimi Komitəsinin 40-cı görüşünün açılış mərasimində çıxışı zamanı bəyan edib. Məlumatı Türkiyənin "TRT Haber" telekanalı yayıb.
 
"İsrailin Qəzza bölgəsinə hücumundan sonra törədilən qətliamda 50 min fələstinli qardaşlarımız həlak olub, - Ərdoğan bəyan edib. - Yenə də 10 mindən artıq fələstinli qardaşlarımız həmin hücumlar zamanı yaralanıb. Şəhid və yaralıların üçdə iki hissəsi qadınlar, uşaqlar və körpələrdir.
 
Sionistlər 360 kv. km dar ərazidə 2 milyon insanı susuz, qidasız və dərmansız qoyaraq onların necə öldüyünü, sadəcə, müşahidə edib. Hətta bizim bu görüşlərimiz zamanı Ümmət övladları ölməkdə davam edir və Qəzza və Livanda yetim qalır.
 
Biz hamımız əvvəlcə Qəzza bölgəsində, son altı həftədə isə Livanda elə hadisələrin şahidləriyik ki, bunlar Avropanın mərkəzində ikinci dünya savaşı zamanı yaradılan ölüm düşərgələrini kölgədə qoyacaq". 
 
Ərdoğanın sözlərinə görə, "İsrailin Qəzza və Livana qarşı sionist təcavüzünə ən yaxşı cavablardan biri imkan daxilində daha çox dövlətin Fələstini tanınması olacaq".
 
Türkiyə prezidenti həmçinin İslam dünyasına "ixtilafları bir kənara qoymağa, Fələstin və Livan xalqına onların ədalətli mübarizəsində dəstək olmağa" çağırış edib.
 
Ərdoğan məlumat verib ki, Türkiyə Qəzzada müharibə başlanandan Misir vasitəsilə bölgəyə 85 min ton humanitar yardım tədarük edib. "Biz Qəzzaya ən çox humanitar yardım göndərən ölkəyik", - prezident bəyan edib.
 
O, həmçinin xatırladıb ki, Türkiyə İsrail ilə ticarətə son qoyub və Cənubi Afrika Respublikasının Beynəlxalq Cinayət Məhkəməsində İsrailə qarşı iddiasına qoşulub.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər