3128
07 Aug 2024 | 21:42

"Rusiyanı ultimatum deyil, məhz danışıqlar gözləyəcək" - "Moskovskiy komsomolets"

"Putin danışıqlarda yerdəki reallıqıarın nəzərə alınmalı olduğunu bəyan edir, Ukrayna da bunu, amma özünün reallıqlarını yaradır..."
 
Zaxarova "Qərbin riyakarcasına susqunluğuna" qəzəblənib, Gerasimov düşməni vurub çıxaracağını vəd edib, yaranmış vəziyyət Rusiya nəşrində kəskin tənqidə məruz qalıb
 
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna silahlı birləşmələrinin Kursk vilayətində Rusiya ərazisinə müdaxiləsi ətrafında vəziyyəti şərh edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ru" nəşri məlumat yayıb.
 
Son dərəcə qəzəbli tonda o, Rusiyanın "mülki əhalisinə qarşı qanlı terror aktları" ilə bağlı "Qərbin riyakarcasına susmağından" şikayətlənib və Rusiyanın sərhəd regionlarında insanların həlak olması və ya yaralanmasına gətirib çıxaran hadisələr barədə müfəssəl danışıb.
 
"Bütün bunlar istənilən cinayətlərinin cəzasız qalacağına əmin olan Ukrayna neonasistlərində cəzasızlıq hissini yalnız möhkəmləndirir. Beynəlxalq birliyi kənarda qalmamağa və Kiyev rejiminin cinayətkar hərəkətlərini qətiyyətlə pisləməyə çağırırıq", - Zaxarova bəyan edib.
 
Xəbər verildiyi kimi, bu gün Rysiya prezidenti Vladimir Putin Kursk vilayətində yaranmış vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Müşavirədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bəyan edib ki, USQ-nin "Kursk istiqamətində ərazinin dərinliyinə hərəkəti dayandırılıb".
 
O, həmçinin deyib ki, "Sever" qrupunun bölmələri FTX sərhədçiləri ilə birgə USQ-ni Kursk vilayətindən sıxışdırıb çıxarmaqda davam edir.
 
"Əməliyyat düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxmaqla başa çatacaq", - Gerasimov vəd edib.
 
Bu arada isə "Moskovskiy komsomolets" nəşrində yaranmış vəziyyətə görə Rusiya hakimiyyətini kəskin tənqid edən material dərc edllib.
 
Nəşr yazır ki, Ukraynanın Kursk vilayətinə müdaxiləsi "xüsusi hərbi əməliyyat"ın başlıca sualını müəyyən edib.
 
"Kursk vilayəti üzrə düzgün sual "Düşmən nəyə nail olmaq istəyir?" deyil, "Rusiya nə edəcək?" sualıdır. Özü də bu suala sonradan yox, elə indi, taktiki cəhətdən cavab verilməlidir.
 
Düşmənin nəyə nail olmaq istədiyi aydındır, bu barədə çox deyilib. Ukrayna gələcək danışıqıarda öz güclü mövqeyini formalaşdırır. Bu danışıqların iki mühüm tərkib hissəsi olacaq. 
 
Birincisi, Ukrayna Silahlı Qüvvələrinin hələ də Rusiya üçün problemlər yarada bilməsidir, bu da bu günlər nümayiş etdirilir. İkincisi, Rusiyanın yerdəki reallıqların nəzərə alınmalı olduğunu bəyan etdiyinə görə, Kiyev də bu reallıqları, amma özünün reallıqlarını yaratmaq istəyir. Və onun üçün ideal variant Rusiya ərazisinin bir hissəsini zəbt etməkdir.
 
Mariya Zaxarova Kursk vilayətində baş verənləri "növbəti terror aktı" adlandırıb. Lakin Rusiya ərazisinə yad dövlətin silahlı qüvvələrinin nizami hissələri daxil olub. Vladimir Putin hökumətin müşavirəsində bunu "miqyaslı təxribat" adlandırıb.
 
Əgər bütün bunlar indi olduğu kimi davam edəcəksə, güclü mövqe əldə etmək üçün yetərli olacaqmı? Putin bəyan edib ki, USQ Rusiyanın dörd yeni regionlarının inzibati sərhədləri çərçivəsində ərazilərini tərk edən kimi atəşi dayandıracaq. Hətta bu da, məsələn, 2022-ci ilin yazında danışıqlardakı mövqeyimizlə müqayisədə güclü mövqe olacaqmı?
 
Və ya qoşunlarımız Kiyev və Odessa ətrafında olanda, Xerson bizim olanda, donanmamız Qara dənizə, o cümlədən İlan adasına nəzarət edəndə mövqeyimizdən güclü olacaqmı? Söhbət rəsmi təbliğatın söylədiyi kimi deyil, gerçəkdə olan mövqeyimizdən gedir.
 
Əgər belə olmayacaqsa, bizi tərəfimizdən ultimatum deyil, məhz danışıqlar gözləyir", - nəşr bu nəticəyə gəlib.
Link kopyalandı!
Son xəbərlər