Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniya sakinləri kanaklar - neokolonializmə, metropoliyadan asılılığa qarşı çıxır və azad gələcək uğrunda mübarizə aparırlar.
Çoxsaylı etirazlarda iştirakçılar 2021-ci il dekabrın 12-də qeyri-legitim hesab etdikləri referendumun nəticələrinin ləğv edilməsini və yenisinin keçirilməsini tələb ediblər.
İştirakçılar Fransanın bu ərazilərdəki müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndiriblər.
Etirazçılar referendumdan sonra Yeni Kaledoniyaya yekun statusun verilməsindən narazı olduqlarını bildiriblər və Fransa tərəfindən ölkələrinin hərbiləşdirilməsini ləğv etməsinin tərəfdarı olublar. Tələblər arasında yerli əmək resurslarının qorunması da var idi.
Xatırladaq ki, etiraz aksiyaları zamanı onlar Azərbaycan bayrağını da qaldırıblar. Polis başqa ölkənin bayrağının dalğalandırılma səbəbini soruşduqda etirazçılar bildiriblər ki, Azərbaycan hər zaman onların yanında olub və neokolonializmlə mübarizələrinə dəstək olub.
Qeyd edək ki, noyabrın 21-də Bakıda Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfrans keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev konfrans iştirakçılarına müraciət edərək Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəklədiyini bildirib.