Avqustun 6-da Səudiyyə Ərəbistanının İrandakı səfirliyinin fəaliyyəti bərpa olunub. Maraqlıdır, vəhabi-şiə məzhəblərinin qarşıdurmasına ev sahibliyi edən iki dövlətin yeddi il sonra diplomatik əlaqələrinin bərpası hansı geopolitik oyunun nəticəsidir?
Mövzu barədə “Report”a açıqlama verən Türkiyənin Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) rəhbəri Ahmet Uysal bildirib ki, bu qərar 2021-ci ilin yanvarında iki ölkənin kəşfiyyat rəsmiləri arasında aparılan danışıqlarla başlayan və 2021-ci ilin aprelində Bağdadda İraq və Oman vasitəçiliyi ilə baş tutan, birbaşa danışıqlarla davam edən uzun proses nəticəsində ortaya çıxıb:
“Bu danışıqların mərkəz nöqtəsi ətrafında Yəmən vətəndaş müharibəsi, Livan böhranı, İranın nüvə razılaşması və Fars körfəzinin təhlükəsizliyi yer almaqdadır. Bununla belə, martın 10-da əldə olunan razılaşma xüsusilə Səudiyyə Ərəbistanının Yəməndəki gərginliyi azaltmaq səylərini əks etdirir. Lakin bu razılaşma həm də regionda genişmiqyaslı normallaşma dalğasının başlanğıcını təmsil etmək potensialına malikdir. Məsələn, Ər-Riyad Dəməşq rəhbərliyini Ərəb Liqasına dəvət etməklə normallaşma yolunda mühüm addım atdı. Bundan başqa, İranın Bəhreynlə danışıqlar apardığı da ortaya çıxıb”.
Həmsöhbətimiz Tehranla Ər-Riyad arasındakı gərginliyin kökünə də diqqət çəkib:
“Tehranla Ər-Riyad arasındakı gərginlik etnik (fars-ərəb) və məzhəb (şiə-vəhabi) ayrılıqlarından daha çox, geosiyasi rəqabət və regional hegemonluq axtarışı ilə bağlıdır. Din daxilində bir-birini marginallaşdıran və siyasi məzhəbləri olan hər iki dövlət mübarizədə dini alət edir və maraqlara əsaslanan praqmatist xarici siyasət yürüdürlər. Bu vəziyyət Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri ilə İran arasında gərginliyin əsas dinamikasını yaradır. On ildən artıqdır ki, Fars körfəzi İran və Səudiyyə Ərəbistanı arasında rəqabətin mərkəzidir və hər iki dövlət öz regional təsir dairələrini genişləndirməyə çalışır.
Son illərdə Səudiyyə Ərəbistanının daha iddialı xarici siyasəti isə regional geosiyasi transformasiyalarla sıx bağlıdır. Bu transformasiya 2011-ci il Ərəb baharı, o dövrün ABŞ prezidenti Barak Obamanın “Asiyaya dönmə” strategiyası və 2015-ci il İran nüvə sazişi kimi üç mühüm hadisənin təsiri ilə formalaşıb. Bu proseslər Ər-Riyadın artan iddiasına həm fürsətlər, həm də çətinliklər gətirib. Dəyişikliklər çərçivəsində Səudiyyə Ərəbistanı körfəzdən tutmuş Şimali Afrikaya qədər regional hadisələrə müdaxil olub”.
Ahmet Uysal qeyd edib ki, Ər-Riyad və Tehranın bu dəyişiklikdən gözləntiləri fərqlidir:
“Səudiyyə Ərəbistanının əsas strateji məqsədi ölkənin neftdən asılılığını azaltmaqla iqtisadiyyatı şaxələndirməkdir. Səudiyyə Ərəbistanının “Vision 2030” planı iqtisadiyyatı neftdən əsaslı olmaqdan çıxararaq turizm və xarici sərmayə ilə diversifikasiya etmək, ölkəni qlobal biznes və mədəniyyət mərkəzinə çevirmək məqsədi daşıyır. Regional gərginliyin azaldılması bu “Vision”un əsasını təşkil edir və eyni zamanda, Səudiyyə Ərəbistanının ABŞ-dan asılılığını azaltmaq səyindən irəli gəlir. Bu məqsədə çatmaq üçün Ər-Riyad neft hasilatı, daşınması və satışının fasiləsiz davam etdirilməsini təmin etməyi və ölkəni uzunmüddətli birbaşa xarici investisiyalar üçün təhlükəsiz bir yer kimi göstərməyi əsas təhlükəsizlik məsələsi hesab edir. Buna görə də Ər-Riyad bu səylərə İranın dəstəklədiyi husilərin mane ola biləcəyinin fərqindədir”.
Ekspert vurğulayıb ki, Tehranın nöqteyi-nəzərindən Ər-Riyadla əldə olunan razılaşma isə İranın İsrail və ABŞ ilə yaşadığı gərgin dövrə təsadüf edir:
“İranın uranı yüksək səviyyədə zənginləşdirmək cəhdləri İsrail və ABŞ tərəfindən narahatlıqla qarşılanıb. Vaşinqton administrasiyası İran-Səudiyyə Ərəbistanı gərginliyinin azaldılmasından razı qalsa da, İsrail Səudiyyə Ərəbistanı ilə əldə olunan razılaşmanı İrana qarşı hərbi əməliyyat təhlükəsini azaltmaq üçün hesablanmış addım kimi qiymətləndirir və buna görə də qəzəblənir. Tehran Ər-Riyadla arasındakı razılaşmanı Səudiyyə Ərəbistanı ilə İsrail arasında inkişaf edən münasibətləri və potensial normallaşmanı bloklamaq üçün fürsət kimi görür. Bundan əlavə, Tehran administrasiyası Qərbin sanksiyaları altında iqtisadi böhran yaşadığı bir vaxtda qonşuları ilə münasibətlərini normallaşdırmağa məcbur olduğunu hiss edir”.
Xatırladaq ki, 2016-cı ildə şiə din xadimi Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla 47 nəfər terrorçuluqda təqsirləndirilərək Ər-Riyadda edam edilmişdi. Bu hadisədən sonra isə İranda etiraz dalğası başladı və Səudiyyə Ərəbistanının İrandakı diplomatik nümayəndələyinə hücum təşkil olundu. Nəticədə İranla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr dayandırıldı. 2023-cü ilin mart ayında isə Pekində tərəflər arasında keçirilən görüşdə diplomatik münasibətlərin bərpası və səfirliklərin yenidən açılması barədə razılıq əldə olundu. Beləliklə, vəhabi-şiə məzhəblərinin qarşıdurmasına da ev sahibliyi edən iki dövlət arasında yenidən diplomatik əlaqələr quruldu.