Bizi sosial şəbəkələrdən izləyin:
Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya birinci xanımlar və cənabların üçüncü sammitini təşkil edir.
Sammit bu il ukraynalıların mental (psixi) bərpasına həsr olunacaq.
Bu barədə Prezident Volodimir Zelenski məlumat verib.
O əlavə edib ki, mental sağlamlığın qayğısına qalmaq hər bir ukraynalı üçün gündəlik vərdişə çevrilməlidir.
Sammitdə müzakirə olunacaq məsələlər arasında ictimaiyyətin psixi sağlamlığa dair savadlılığı, müharibənin psixi vəziyyətə təsiri, rəqəmsal texnologiyaların bu məsələdə rolu, dözümlülük və kövrəklik balansı, yeni nəslin psixi sağlamlıqda rolu kimi məqamlar olacaq.
“İnanıram ki, hər birimiz hər gün, hər dəqiqə dünyanın inkişafına təsirimizi göstəririk. Dünyanı daha təhlükəsiz və daha humanist etmək bizim əlimizdədir”, - deyə Zelenskaya “Instagram” hesabında qeyd edib.
Xatırladaq ki, 2021-ci ildə keçirilən ilk sammit Kiyevdə 22 iştirakçını bir araya gətirmişdi. O zaman keyfiyyətli tibbə dair problemlər, təhsil sahəsində çətinliklər, ayrı-seçkilik olmadan inkişaf və özünü ifadə etmək üçün bərabər imkanlar, habelə hərbi münaqişələr kontekstində qadınların, uşaqların və ailələrin müdafiəsi problemləri müzakirə olunmuşdu. /Oxu.az/
Mənbə: ZN.ua