İran mübahisəli adalarda hərbi təlimə başlayıb
1589
02 Aug 2023 | 11:02

İran mübahisəli adalarda hərbi təlimə başlayıb

İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah) Hərbi Dəniz Donanması Əbu Musa və daha 3 adada təlimlərə başlayıb.

Məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, təlim keçirməkdə məqsəd İrana aid olduğu iddia edilən adaların etibarlı müdafiəsini təşkil etməkdir.

Məlumata görə, təlimləri Sepahın komandanı, general-mayor Hüseyn Salami, Qvardiyanın Hərbi Dəniz Donanmasının komandanı, admiral Əlirza Tanqsiri İran Silahlı Qüvvələrinin müxtəlif vəzifəli və rütbəli komandirləri, eləcə də hakimiyyətin yerli nümayəndələri izləyəcək.

İnformasiyaya əsasən, “Sərdar şəhid İshak Dara” adlı hərbi tədbirdə İranın müxtəlif texnikası da sınaqdan keçiriləcək.

Qeyd edək ki, təlimlər körfəzdəki Əbu Musa, Kiçik Tomb, Böyük Tomb və Nazaat adalarında keçirilir. Bu quru ərazilərin hər biri körfəzdə yerləşir. İran onları Hörmüzqan əyalətinə daxil edib.

İlk 3 ada İranla Birləşmiş Ərəb Əmirlikləri arasında mübahisəli ərazi sayılır. Son zamanlar həmin ərazilərlə bağlı Tehranın tərəfdaşları sayılan Rusiya və Çin əraziyə dair yaranan mübahisəli məsələlərin danışıqlar yolu ilə həllini bildirirlər. Onların bu açıqlaması isə rəsmi Tehranı qane etməyib. Buna görə hər iki ölkənin səfirləri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Mütəxəssislərin qənaətincə, İran hakimiyyəti mübahisəli sayılan adalarda hərbi təlimlər keçirməklə adaların ona məxsus olduğunu nümayiş etdirir.

Link kopyalandı!
Son xəbərlər