Xruşşovla DTK sədrinin anlaşması – Serov “Sehrli dəftər”in hesabına yüksək vəzifəyə sahib olub...  
Dünya
1863
29 Jul 2023 | 14:18

Xruşşovla DTK sədrinin anlaşması – Serov “Sehrli dəftər”in hesabına yüksək vəzifəyə sahib olub...  

SSRİ-nin siyasi elitasında ən böyük gərginliklərdən biri də 1953-cü ildə Lavrenti Beriyanın həbsindən sonra yaşanıb. “Hər şeyə qadir narkom”un həbsi çoxlarının siyasi karyerasına son qoyub, onlarla yüksək ranqlı məmur, Beriyaya yaxınlıqları ilə tanınanların demək olar ki, hamısı dəmir barmaqlıqlar arasına salınıb. Bunlarla yanaşı Beriyanın həbsi bəzi məmurların yolunda yaşıl işıq yandırıb. Ən başlıcası isə Beriyanın aradan götürülməsi  Nikita Xruşşov üçün ən vacib şərtlərdən biri sayılıb. Belə ki, hakimiyyətin tam ələ keçirilməsində Beriya Xruşşov üçün ən böyük maneə olub.

Xruşşov Beriyanın həbsinə nail olmağı bacarıb. Amma onun narahatlığı bununla bitməyib. Maraqlıdır, Beriya təhlükəsi sovuşduqdan sonra Xruşşovu nə narahat edib?

Qeyd edək ki, hakimiyyətdə olduğu illərdə İosif Stalinin xüsusi bir qeyd dəftəri olub. Həmin dəftərə nələrin yazıldığından heç kimin xəbəri olmayıb. Bu dəftəri Stalinin silahdaşları və ətrafdıkılar “sehrli dəftər” adlandırıblar. Həmin dəftər haqqında Stalinin mühafizə rəisi Nikolay Vlasik öz xatirələrində aşağıdakıları qeyd edib:

“Stalin qeydlər apardığı “sehrli dəftər”i heç vaxt iş masasının üstündə saxlamırdı. Qeydlərini etdikdən sonra onu masanın sağ tərəfində olan siyirməyə qoyurdu. O, öz qeydlərini hamıdan gizli saxlayırdı. Tez-tez mənə konkret şəxslər haqqında informasiya toplamağı göstəriş verirdi, mən həmin şəxslər haqqında məlumatları məruzə etdikdən sonra o, həmin dəftərdə qeydlər aparırdı. Adətən, həmin şəxslər Stalinin inandığı şəxslər olurdu. Mən belə düşünürdüm ki, o, yaxın vaxtlarda böyük kadr islahatları aparacaq və yeni komanda haqqında yeni məlumatlar toplayır. Stalin adətən Molotovla, Mikoyanla, Malenkovla, Beriya ilə söhbətlərindən sonra da “sehrli dəftər”də qeydlər aparırdı...”

Stalinin qeydləri haqqında qismən Georgi Malenkov məlumatlı olub. Malenkov sonrakı açıqlamalarında sovet liderinin “sehrli dəftər”i haqqında maraqlı məlumatlar söyləyib:

“Mən bildiyimə və müşahidələrimə görə Stalin həmin dəftərdə gələcək kadrların siyahısını qeyd edirdi. Əvvəlcə onlar haqqında məlumatları yazırdı, sonra özlüyündə təhlil edirdi və son qərarını verirdi. Həmin dəftərdə olan bəzi adlardan mən də məlumatlı idim. Stalin Xruşşovu heç vaxt ciddi siyasi fiqur kimi qəbul etməyib və onun haqqında ciddi qərar qəbul etmək haqqında düşünürdü. O cümlədən Stalin Beriyanın da sonsuz səlahiyyətlərini məhdudlaşdırmaqla bağlı qərar qəbul etməyə hazırlaşırdı. Əgər həmin dəftərdə qeyd olunanlar həyat keçsəydi çətin ki, Xruşşov siyasi meydanda at oynadacaqdı. Həmin dəftərdə varis məsələsi də əks olunmuşdu...”

Tarixçi Nikolay Dobryuxa isə “Stalinin necə öldürdülər” kitabında “sehrli dəftər”in sirləri haqqında aşağıdakı fikirləri qeyd edib:

“Stalin öz “sehrli dəftər”ində gələcək planlarını yazıb. Bu dəftəri onun vəsiyyəti kimi də qiymətləndirmək olar. Stalin hakimiyyətinin son illərində böyük kadr dəyişikliklərinə hazırlaşıb. Mənim qənaətlərimə görə, “sehrli dəftər”in “qara siyahısı”nda bir çox siyasi tanınmışların adı da olub. O cümlədən Lavrenti Beriyanın və Nikita Xruşşovun da. Araşdırmalardan belə nəticəyə gəlmək olar ki, Stalin bu dəftərdə öz varislərini də müəyyənləşdirib. O, hökuməti müharibə illərində ümumittifaq partizan hərəkatına başçılıq etmiş Panteley Ponamarenkoya həvalə etməyi planlaşdırıb. “Sehrli dəftər” Kreml məmurları üçün sehrli bir təhlükəyə çevrilib. Məhz buna görə də Stalinin ölümündən sonra həmin dəftərin ələ keçirilməsi uğrunda məmurlar arasında gizli müharibə gedib...”

Elə Xruşşovu da Beriyanın həbsindən sonra narahat edən məsələ həmin “sehrli dəftər” olub. Belə ki, bəzi versiyalara görə, Stalinin “sehrli dəftəri”ni 1953-cü ilin martın 3-dən 4-nə keçən gecə Lavrenti Beriya ələ keçirib. Stalinin bağ evindəki yataq otağına ilk olaraq Beriya keçib və həmin otaqdan “sehrli dəftər”dən başqa daha bir neçə qovluğu da götürərək bağı tərk edib. Beriya həbs olunduqda isə “sehrli dəftər” həmin dövrdə SSRİ daxili işlər nazirinin birinci müavini vəzifəsində işləyən İvan Serovun əlinə keçib. Belə ki, axtarış zamanı Serov gizli şəkildə dəftəri götürüb və həmin dəftər axtarış protokoluna salınmayıb. Hakimiyyətdə olan Nikita Xruşşov həmin dəftərdə ona qarşı kompromat materialların olduğunu bildiyindən Serovla hesablaşmaq məcburiyyətində qalıb. Xruşşovu qorxudan “sehrli dəftər”in qərb ölkələrinə keçməsi, kitab halında çap olunması olub. Buna görə də Xruşşov həmin dəftəri Serovu yeni yaradılan Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyin etməyi qarşılığında ələ keçirib. Narahtlığına birdəfəlik son qoymaq üçün Xruşşov həmin dəftəri yandıraraq məhv edib.

Sözsüz ki, Stalinin yazıları, qeydləri təkcə sözügüdən dəftərdən ibarət olmayıb. Moskva şəhər Baş Daxili İşlər İdarəsinin cinayət-axtarış şöbəsinin keçmiş zabiti Andrey Binyevin söylədiyinə görə, Stalinin bir çox qeydləri və yazıları “məxfi” qrifli qovluqlarda bu günə qədər də arxivlərdə saxlanılır. Təbii ki, həmin arxivlər də nə vaxtsa açılacaq. Göründüyü kimi tarixi pozmaq mümkün deyil... /Musavat.com/

Link kopyalandı!
Son xəbərlər