İran rejiminin anti-Azərbaycan ideoloqu niyə saxlanılıb? - YENİLƏNİB + FOTO/VİDEO
Dünya
1874
11 Jul 2023 | 16:55

İran rejiminin anti-Azərbaycan ideoloqu niyə saxlanılıb? - YENİLƏNİB + FOTO/VİDEO

Bakıya qarşı davamlı təbliğat aparan Əli Əkbər Raefipurun saxlanılmasının detalları bəlli olub.

“Azad İran” “YouTube” kanalının mövzu ilə bağlı hazırladığı süjetdə həmin detallar qeyd olunub.

Bildirilir ki, dünən axşam İran hakimiyyətinin məşhur ideoloqu, özünün anti-Qərb, antisemit, antitürk, o cümlədən anti-Azərbaycan baxışları ilə yaxşı tanınan Əli Əkbər Raefipurun həcc ziyarətindən geri dönərkən Səudiyyə Ərəbistanı polisi tərəfindən saxlanması barədə xəbər İran mediasının və sosial şəbəkələrin İran seqmentinin gündəminə çevrilib.

Bununla bağlı ilk qeyri-rəsmi məlumatlar hələ iyulun 9-da yayılıb və bədnam ideoloqun Ciddədə təyyarəyə minməyə hazırlaşarkən saxlandığı bildirilib. Saxlanmanın səbəbi kimi Raefipurun Məhəmməd peyğəmbərin həyat yoldaşı Aişənin ünvanına təhqiramiz çıxışları göstərilib. Lakin yalnız saxlanma faktı rəsmi şəkildə təsdiq olunandan sonra mövzu mediada geniş şəkildə işıqlandırılıb və ictimaiyyət arasında qızğın müzakirələrə səbəb olub.

Belə ki, dünən gecə saatlarında İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Əli Əkbər Raefipur barədə yayılan xəbərə aydınlıq gətirmək üçün xüsusi açıqlama ilə çıxış edib. O, Raefipurun həbs olunması ilə bağlı iddiaları təkzib edərək deyib:

“Xarici İşlər Nazirliyi və İranın Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəlikləri yaranmış problemin həll olunması və Raefipurun ölkəyə qayıtması ilə ciddi şəkildə məşğuldurlar”.

Kənani daha sonra bildirib ki, Raefipur həcc ziyarətinə yollanmış İran vətəndaşı kimi, həcc mərasimlərini başa vurub Ciddə hava limanında ölkədən çıxmaq istəyərkən bizə məlum olmayan səbəbdən çıxış problemi ilə üzləşib. Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin əlavə edib ki, bununla bağlı İranın Ciddədəki baş konsulluğu və Riyaddakı səfirliyi dərhal Səudiyyə Ərəbistanının əlaqədar qurumları ilə təmasa girib, məsələni nəzarətdə saxlayıb və problemin aradan qaldırılması üçün lazımi dəstəyini göstərib”.

Göründüyü kimi, İran rəsmisi Əli Əkbər Raefipurun həbs olunması xəbərini təkzib edərək, onun Səudiyyə Ərəbistanından çıxışına qadağa qoyulduğunu bildirib, lakin bunun hansı səbəbdən baş verdiyini açıqlamayıb.

Ətraflı süjetdə:

15:51

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Bakıya qarşı davamlı təbliğat aparan Əli Əkbər Raefipurun Həcc ziyarətindən sonra Səudiyyə Ərəbistanından çıxışına qadağa qoyulduğunu təsdiqləyib və problemin həlli istiqamətində səylərin davam etdiyini bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

N.Kənani deyib ki, guya Ə.Ə.Raefipurun Ciddə hava limanından çıxışında hansı səbəbdən problem yarandığı hələlik onlara aydın deyil. Halbuki, bəziləri Raefipurun Səudiyyə Ərəbistanına saxta pasportla girdiyi üçün həbs olunduğunu bildirirlər.

Saxta pasportla bağlı daha ətraflı məlumat və Raefipurun hansı adla Səudiyyə Ərəbistanına daxil olduğu açıqlanmayıb.

Qeyd edək ki, Ə.Ə.Raefipur İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan Respublikasına qarşı davamlı çıxışları ilə tanınır. O, İranın Ermənistana hərbi dəstək verməsi, Zəngəzur dəhlizinin açılmaması üçün oraya hərbi qüvvə göndərilməsində israr edən anti-Azərbaycan siyasətinin əsas media təbliğatçısıdır.

 

Link kopyalandı!
Son xəbərlər