Rəcəb Tayyib Ərdoğan “Anıtqəbir” ziyarəti çərçivəsində Atatürkün mavzoleyinə əklil qoyub, “Misak-i Milli” Qülləsində “Anıtqəbir Özəl dəftəri”ni imzalayıb. Türkiyə lideri dəftərə yazdığı fikirləri səsləndirib:
“Türkiyə bir seçki prosesini daha rekord iştirak və demokratiya şənliyi əhvali-ruhiyyəsində, dinc atmosferdə başa vurdu. Mayın 14-də TBMM-də vəzifəsini icra edəcək 28-ci çağırış deputatları müəyyən edən millətimiz, mayın 28-də şəxsimizə ikinci turda 52 faizlik səslə bizə böyük rəğbət göstərdi. Həmd olsun, növbəti beş il də nəcib millətimizə xidmət edəcəyimiz üçün bəxtiyarıq. Qarşıdakı beş il ərzində “Türkiyə Əsri” vizyonumuzu həyata keçirmək üçün canla-başla çalışmağa davam edəcəyik. Zəlzələlərin yaralarını sürətlə sarıyıb, zəlzələdən əziyyət çəkənləri ən qısa zamanda yeni yuvalarına qovuşduracağıq. 12-ci dövlət başçısı olaraq dövlətimizi ucaltmağa davam edəcəyik. Ruhun şad olsun!”
17:14
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Anıtqəbir”i ziyarət edib.
16:55
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Anıtqəbir”i ziyarətə gəlib.
16:16
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan TBMM-də and içərək prezident vəzifəsinin icrasına başlayıb.
16:07
TBMM-də Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb.
Mərasimi parlamentin ən yaşlı üzvü kimi spiker vəzifəsini icra edən Dövlət Bağçalı açıq elan edib.
15:55
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan andiçmə mərasimində iştirak etmək üçün Türkiyə Böyük Millət Məclisinin (TBMM) binasına gəlib.
Ərdoğanı TBMM-in qarşısında parlamentin ən yaşlı üzvü kimi spiker vəzifəsini müvəqqəti icra edən Dövlət Bağçalı qarşılayıb.
14:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək dünya liderlərinin adları açıqlanıb.
Qeyd edilib ki, mərasimə 21 dövlət başçısı qatılacaq:
Azərbaycan Prezidenti İlham Əliyev, Venesuela Prezidenti Nikolas Maduro, Bolqarıstan Prezidenti Rumen Radev, Qabon Prezidenti Ali Bonqo Ondimba, Qvineya-Bisau Prezidenti Umaro Sissoko Embalo, Cənubi Afrika Respublikası Prezidenti Siril Ramafosa, Monteneqro Prezidenti Yakov Mİlatoviç, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Konqo Prezidenti Denis Sassou Nqesso, Kosovo Prezidenti Vyosa Osmani, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Şimali Makedoniya Prezidenti Stevo Pendarovski, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Ruanda Prezidenti Paul Kaqame, Seneqal Prezidenti Maki Sall, Somali Prezidenti Həsən Şeyx Mahmud, Toqo Prezidenti Faure Essozimna Qnassinqbe, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Banqladeş Prezidenti Məhəmməd Şahabuddin Çuppu, Qvineya Prezidenti Mamadi Dumbuya.
Həmçinin Pakistanın Baş naziri Şahbaz Şərif, Macarıstan Baş naziri Viktor Orban, Ermənistan baş naziri Nikol Paşinyan və Liviya Baş naziri Əbdülhəmid Dibeybenin də aralarında olduğu 13 ölkənin baş nazirləri andiçmə mərasimində qonaq qismində iştirak edəcəklər.
Mərasimə eyni zamanda Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, NATO Baş katibi Yens Stoltenberq, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha da daxil olmaqla 8 beynəlxalq təşkilatın nümayəndələri qatılacaq.
Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Rusiyanı Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Çini Milli Xalq Konqresi daimi Komitəsinin sədr müavini Dinq Zonqli təmsil edəcək, daha 12 ölkə parlament sədri səviyyəsində mərasimində təmsil olunacaq.
Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan bu gün and içəcək.
Mərasim Türkiyə Böyük Millət Məclisində (TBMM) yerli vaxtla saat 14:00-da keçiriləcək.
Tədbirdə bir çox dünya liderlərinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın, NATO baş katibi Yens Stoltenberqin və digər dövlət və hökumət başçılarının iştirakı gözlənilir.