“Bu seçkilərin nəticəsinin ölkəmiz və millətimiz üçün xeyirli olacağına, həmçinin buna töhfə verəcəyimizə ümid edirəm”.
Bunu Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan prezident seçkilərinin ikinci turu üzrə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
S.Oğan bildirib ki, bu seçkilər həm də insanlara qərarlarına görə təzyiq etməyin, onların demokratik hüquqlarını əllərindən almağa çalışmağın hansı problemlərlə nəticələnə biləcəyini göstərmək baxımından çox vacibdir: “Odur ki İYİ Parti sədri Meral Akşenerə, prezidentliyə keçmiş namizəd Muharrem İnceyə qarşı təzyiqləri qınadığımı bir daha diqqətə çatdırıram. Bu seçki digər seçkilərdən fərqli olaraq təzyiq kampaniyasının nə qədər zərərli olduğunu göstərdi”.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.
S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.