Türkiyədə böyük pullar qazanan Rza Zərrab ölkənin popular müğənniləri ilə münasibətləri ilə də səs salıb. Ebru Gündeşlə evil olub, bir övladları dünyaya gəlib. O vaxt azərbaycanlı estrada müğənnisi Elnur Hüseynovun “O Səs Türkiyə” layihəsində iştirakının və uğurunun iş adamının həyat yoldaşına hədiyyəsi olması iddiası səslənmişdi. Necə də olmasa, Ebru Gündeş münsiflər heyətində yer alırdı. Elnur Hüseynov məhz onun komandasını seçmişdi.
Rza Zərrabın hələ Ebru Gündeşlə birlikdə olanda “Eurovision” iştirakçısı Hadisə ilə münasibət saxladığı da iddia olunur. Adı evli kişi ilə yanaşı çəkilən Türkiyə müğənnisi bu haqda danışılanlara dözümsüz yanaşır. Bunun nəticəsidir ki, Hadisə birdən-birə üç aparıcıdan polisə şikayət edib. O, “Beyaz TV”-nin əməkdaşları Seren Serengil, Bircan Bali və Arto ləqəbi ilə tanınan Harutyan Dalqanın həbsini tələb edir. Qanunvericilikdə səsli və görüntülü təhqirə görə 4 il 8 aya qədər həbs cəzası əksini tapıb.
Rza Zərrab həm də qaranlıq adam kimi xarakterizə olunur. Müxtəlif qaynaqlar onun birdən-birə dörd ölkənin – Azərbaycanın, Türkiyənin, İranın və Şimali Makedoniyanın vətəndaşlığını daşıdığını iddia edir. Onun Təbrizdə doğulduğu, həyatının böyük hissəsinin Azərbaycanda və Türkiyədə keçdiyi məlumdur. İş adamının atası Hüseyn Zərrab İranın keçmiş prezidenti Mahmud Əhmədinejadla dost olub. ABŞ Maliyyə Nazirliyi onun adını hətta sanksiya siyahısına da salmışdı. /Bizimyol.info/