Məhsa Əmini müqavimət simvolu olaraq qalır – “Frans Press”
Dünya
3699
28 Mar 2023 | 13:03

Məhsa Əmini müqavimət simvolu olaraq qalır – “Frans Press”

“Məhsa Əmini müqavimət simvolu olaraq qalır”.
 
“Frans Press” agentliyinin yaydığı şərhdə belə deyilir. Qeyd olunur ki, sağlığında çox az adamın tanıdığı gənc iranlı qadın artıq bütün dünyada məşhurlaşıb.
 
Milliyyətcə kürd olan 22 yaşlı Məhsa Əmini 2022-ci il sentyabrın 13-də İranın paytaxtı Tehranda tutulub. Əxlaq polisi onu hicab qaydalarını pozma ittihamı ilə saxlayıb. Gənc qadın üç gün sonra xəstəxanada dünyasını dəyişib. Rəsmən təkzib olunsa da, çoxları Məhsa Əmininin fiziki zorakılığa qurban getdiyinə inanır.
 
Sentyabrın 18-dən başlayaraq Məhsa Əmininin ölümü ilə bağlı İranda bir neçə ay kütləvi etiraz aksiyaları keçirilib.
 
“Frans Press” vurğulayır ki, Məhsa Əmini sadəcə İranda yox, bütün dünyada qadın hüquqları uğrunda mübarizə aparanların qəhrəmanına, simvoluna çevrilib.
 
Agentliyin məlumatına görə, İranda Məhsa Əmininin məzarı üzərində bu sözlər həkk olunub: “Məhsa, sən ölməmisən, adın rəmzə çevrilib”.
 
“Frans Press” bildirir: “Onun adı İranı bürüyən etiraz hərəkatının başlanğıc nöqtəsi oldu. Məhsanın portreti demək olar bir gecədə ölkənin hər yerinə yayıldı, divarlara vuruldu, etirazçıların qaldırdığı plakatlara, şüarlara həkk edildi. Onun şəkli hətta İranda da bəzi nəşrlərin ön səhifəsində verildi. “Əndişeye-puya” aylıq jurnalının mart nömrəsinin üz qabığında Məhsa Əminin şəkli dərc olundu”.
 
İranlı jurnalist, siyasi şərhçi Əhməd Zeydabadi “Frans Press”ə açıqlamasında deyib ki, Məhsa Əmini həqiqətən zülmə məruz qalanların rəmzinə çevrilib: “Onun məsum siması bu obrazı daha da gücləndirir”.
 
Digər iranlı jurnalist, sosioloq, hüquq müdafiəçisi Abbas Abdi qeyd edib ki, Məhsanın ölümünə etiraz kimi başlanan aksiyalar qısa vaxtda köklü islahatlar uğrunda milli hərəkat xarakteri aldı: “Həmin aksiyalarda ictimaiyyət bir çox problemi qəzəblə qabartdı. Bura sosial-iqtisadi problemlər, əxlaq polisinin davranışı, Tehran rejiminin başlıca dayağı olan İnqilab Keşikçiləri Korpusunun (SEPAH) seçkilərdə namizədlərin hüquqlarını pozması və digər aktual ictimai-siyasi məsələlər daxildir”.
 
“Frans Pres” yazır: “Gender bərabərliyi və şəffaf siyasət tələb edən gənclərin başçılıq etdiyi, lidersiz keçirilən etiraz aksiyaları 2022-ci ilin sonlarına yaxın pik həddə çatmışdı. Ümumilikdə aksiyalarda yüzlərlə insan, o cümlədən onlarla güc strukturu əməkdaşı öldürüldü. Rəsmilərin “özbaşınalıq” adlandırdığı nümayişlərdə iştirak etmiş minlərlə adam həbs olundu. İran hakimiyyəti etirazları həmçinin xarici düşmən qüvvələrlə bağlayıb ABŞ-ı, İsraili və həmin dövlətlərin müttəfiqlərini günahlandırdı.
 
Etirazlar səngiyəndən sonra, 2023-cü ilin fevralında İranın ali dini lideri Əli Xamneyi qismən amnistiya elan etdi, aksiyalarla bağlı həbsə atılanların əksəri – 22 mindən çox adam azadlığa buraxıldı”.
 
Ancaq Abbas Abdi hesab edir ki, əhalini narazı salan problemlərin əsas hissəsi həllini tapmadığı üçün insanlar hər an yenidən küçələrə axışa bilər: “Mitinqlər bitib, amma mən etirazın da bitdiyini düşünmürəm. Çünki böhranın başlıca səbəbləri hələ aradan qaldırılmayıb. Hazırkı vəziyyətdə istənilən insident növbəti etirazlara gətirib çıxara bilər”.
 
Misal kimi Abbas Abdi İranda son vaxtlar qızların təhsil aldığı 200-dən çox məktəbdə minlərlə şagirdin müəmmalı şəkildə zəhərlənməsi hadisəsini və ictimaiyyətin buna qəzəbli reaksiyasını göstərib.
 
“Frans Press” yazır: “Məhsa Əmini aksiyaları İran İslam Respublikası qurulandan – 1979-cu il inqilabından bəri bu ölkədə baş tutmuş ən iri nümayişlərdən biridir. Belə bir kütləvi etiraz mühacirətdə yaşayan bəzi iranlı müxalifləri dini rejimin hökmən çökəcəyinə inandırmışdı.
 
Əhməd Zeydabadi deyir ki, islam respublikasının çox yaxın zamanda süquta uğrayacağını düşünənlər yanılıblar.
 
Zeydabadinin fikrincə, xüsusilə mühacirətdə yaşayanlar 2022-ci il etirazlarının mahiyyətini düzgün qavramayıblar: “Bu aksiyalar daha çox siyasi deyil, mülki xarakter daşıyırdı. Ona görə hərəkatın bəhrə verdiyini düşünməyə əsas var. Məsələn, qadınların geyim qaydaları ilə bağlı müəyyən yumşalmalara gedildi. Hətta birbaşa qanunlar, qaydalar dəyişdirilməsə də, güzəştlər var, tutalım, hicab məcburiyyəti artıq əvvəlki kimi sərt formada deyil”.
 
Əhməd Zeydabadi digər sahələrdə, xüsusən kəskin inflyasiyadan ziyan çəkən iqtisadiyyatda müəyyən islahatların aparılacağını da proqnozlaşdırır: “Görünür, islam dövləti öz siyasətində dəyişiklik etməyin zəruriliyini anlayıb, hərçənd rejim daxilində cəmiyyətin çağırışına səs verilməsi məsələsində vahid mövqe yoxdur”. /Novator.az/
 
Link kopyalandı!
Son xəbərlər