İstanbulun Sarayburnu rayonunda USS ROSS adlı ABŞ döyüş gəmisinin əsgərlərinin başına çuval keçirilib.
Moderator.az-ın verdiyi məlumata görə, hadisə Türkiyə Gənclik Birliyi adlı təşkilatın üzvlərinin
keçirdiyi etiraz aksiyası zamanı qeydə alınıb. ABŞ-ın Orta Şərqə hərbi müdaxiləsini
qınayan gənclər bununla həm də 4 iyun
2003-cü ildə baş vermiş bir hadisənin qisasını almağa çalışıblar.
Xatırlayırsınızsa o zaman İraqın Süleymaniyə şəhərində ABŞ əsgərləri Türkiyə
ordusunun Xüsusi Xidmət Komandanlığına bağlı zabitlərinin başına çuval keçirib
sorğu adıyla öz qərargahlarına aparmışdılar.
Üzərindən 11 il keçməsinə baxmayaraq bu qürurqırıcı hadisəni unutmayan Türkiyə Gənclik Birliyinin üzvləri Eminönündə 3 Amerikan əsgərinin başına çuval keçirib və "Məhv olsun Amerika imperializmi" şüarlarını səsləndirərək onların üzərinə qırmızı boya atıblar. Çuval keçirmə aksiyasi əsnasında Amerikan əsgərlərinə müraciətlə "ABŞ ordusunun bir üzvü olduğunuzu az əvvəl bəyan etdiniz. Sizləri qatil olaraq qəbul edir və torpaqlarımızdan rədd olub getmənizi istəyirik" ifadələri də səsləndirilib. Amerikan əsgərləri isə gənclərin bu tələbinə "OK. Gedirik" deyə cavab veriblər.
Xəbər verilir ki, aksiyanı keçirənlərdən 12 nəfər saxlanılıb və ifadə vermək üçün polisə aparılıb. Aksiyaçılar öz yoldaşlarını əl yelləyərək yola salıblar.
ABŞ-ın
Türkiyədəki səfirliyi çuval
aksiyasını qınayan nota verib. Notada deyilir: “ABŞ əsgərlərinə edilən hücumu əks etdirən video son dərəcə
çirkindir. Dinc etiraz haqqına və ifadə
azadlığına hörmət etməklə birlikdə İstanbuldakı hücumu qınayırıq”.