ABŞ prezidenti Donald Tramp hesab edir ki, İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvinin İslam Respublikasında dəstək qazana biləcəyi barədə fərziyyə irəli sürmək hələ tezdir.
Bizim Media xəbər verir ki, Amerika lideri “Reuters” Agentliyinə verdiyi müsahibədə Rza Pəhləvidən danışarkən bildirib:
"O, çox yaxşı görünür, amma öz ölkəsində necə olacağını bilmirəm. Və biz hələ o mərhələdə deyilik. Biz bir çox şeyi araşdırırıq. Amma bunu demək üçün hələ tezdir. Onun ölkəsi ilə necə yola gedəcəyini bilmirəm".
"Ölkəsinin onu liderlik rolunda qəbul edib-etməyəcəyini də deyə bilmirəm, amma qəbul etsəydilər, mən buna qarşı olmazdım", - deyə Ağ Ev rəhbəri vurğulayıb.
İranda hakimiyyət dəyişikliyi ehtimalına gəldikdə, Tramp "istənilən rejim çökə bilər" deyə qeyd edib.
"Çöküb-çökməsə də, maraqlı bir zaman olacaq", - deyə Tramp əlavə edib.
Rza Pəhləvi 1960-cı ildə Tehranda anadan olub. Ona 1967-ci ildə vəliəhd şahzadə titulu verilib və atası Məhəmməd Rza Pəhləvinin ölümündən sonra taxta çıxacağı gözlənilirdi. Lakin 1979-cu il İslam İnqilabı İranda monarxiyanı devirdi və sonuncu şahın ailəsi ölkədən qaçmağa məcbur oldu. Atasının 1980-ci ildə ölümündən sonra sonuncu şahın böyük oğlu Rza Pəhləvi taxt-taca iddiaçı olaraq qalır.
O, hazırda ABŞ-da yaşayır və Parisdə yerləşən, İslam Respublikasında fəaliyyəti qadağan edilmiş siyasi mühacirlər tərəfindən yaradılan İran Milli Şurasına rəhbərlik edərək mövcud İran hakimiyyətinin müxalifidir.
Rza Pəhləvi dünən - yanvarın 15-də Prezident Donald Trampa ən yaxın senatorlardan biri olan Lindsi Qremlə görüşüb. Bu gün isə Rza Pəhləvi iddialı vədlərlə çıxış edib. (Modern.az)
Bizim Media