Britaniyada SEPAH planı – “The Telegraph”
Dünya
3337
06 Jan 2023 | 15:06

Britaniyada SEPAH planı – “The Telegraph”

“The Telegraph” qəzetində “Böyük Britaniya axır ki, İrandan gələn təhlükənin reallığını dərk edir” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin redaktoru Kon Kaflindir. Moderator.az novator.az-ın ingiliscədən çevirdiyi məqaləni təqdim edir.
 
Britaniya hökuməti İran rejiminin əsas dayağı sayılan İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etməyi planlaşdırır. Çox təqdirəlayiq hadisədir. Necə deyərlər, gec olar, güc olar.
 
1979-cu ilin islam inqilabından sonra yaradılmış SEPAH ortaya çıxdığı gündən İran rejiminin xarici ölkələrə nüfuz etmək üçün əl atdığı bədxah planlarda mühüm rol oynamaqdadır.
 
Son 40 ildə SEPAH dünyanın müxtəlif yerlərində ən dəhşətli terror aktlarında iştirak edib. Hansını deyəsən? 1983-cü ildə Beyrutda terrorçu kamikadzenin idarə etdiyi yük maşını ABŞ və Fransa hərbçilərinin bazasına soxularaq partlayış törədib, 307 nəfər həlak olub. 1994-cü ildə Buenos-Ayresdə yəhudi icması mərkəzi bombalanıb, 86 nəfər qətlə yetirilib.
 
Bu yaxınlarda Britaniya hərbçiləri İraq və Əfqanıstandakı hərbi əməliyyatlar zamanı SEPAH-ın törətdiyi vəhşiliklərə dair birinci əldən məlumat alıblar. Məlumatı ötürənlər SEPAH-ın Qüds qanadının dəstəklədiyi üsyançılara qarşı keçirilən əmliyyatlarda dolayısıyla iştirak etmiş şəxslərdir.
 
SEPAH-ın Qüds qüvvələrinə İraqda yüzlərlə amerikalı hərbçinin qətlinə görə məsuliyyət daşıdığı bildirilən Qasım Süleymani rəhbərlik edib. Qasım Süleymani 2020-ci il yanvarın 3-də birbaşa ABŞ prezidenti Donald Trampın sanksiyalaşdırdığı əməliyyatla aradan götürülüb. O, İraq ərazisində ABŞ-ın pilotsuz uçuş aparatı ilə vurulub.
 
SEPAH-ın zorakılığı təkcə xarici ölkələrlə məhdudlaşmır. İslam inqilabının keşikçisi kimi SEPAH İranda hökumət əleyhinə nümayişlərin qəddarcasına yatırılması əməlinin də başında durur. Son aylar onun bu əməllərinə yüzlərlə insan, o cümlədən neçə-neçə qadın, uşaq qurban gedib. 18 minə yaxın iranlı isə rejimin son aylardakı etiraz aksiyalarına qarşı həyata keçirdiyi divan tutma əməliyyatı zamanı həbs düşərgələrinə salınıb.
 
Bayram günlərində Nazənin Zaqari-Ratkliff BBC-nin “Today” proqramının qonağı oldu. O, əslən iranlıdır, Britaniya vətəndaşıdır. 2016-сı ildə İranda həbs edilib, 2022-ci ildə azadlığa çıxaraq Britaniyaya qayıdıb.
 
BBC-yə açıqlamasında Nazənin Zaqari-Ratkliff SEPAH-ın həbs etdiyi siyasi fəalların saxlandığı bədnam Evin həbsxanasında keçirdiyi günləri təsirli şəkildə təsvir etdi.
 
Nazənin həbsinin ilk altı ayında təkadamlıq kamerada saxlanıb. İran hökuməti, nəhayət, onun saxlanma şəraitini yüngülləşdirmək qərarına gələndə Nazənin yalnız dövlət təbliğatı aparan kanalın və idman kanalının quraşdırıldığı televizorla təmin olunub. Rejim Nazəninin bu kanallara baxmaqda maraqlı olmayacağını güman edirmiş. Amma Nazənin 2016-cı ildə Uimbldon turnirində britaniyalı tennisçi Endi Murreyin qələbəsini izləyə bildiyi üçün özünü xoşbəxt sanıb.
 
Son 40 ildə törətdiyi cinayətlər yetərincə sənədləşdirilsə də, Britaniya hökuməti SEPAH-ı “Əl-Qaidə” və İŞİD kimi qruplaşmalara bərabər tutmaq istəməyib.
 
2019-cu ildə Donald Trampın prezidentliyi dövründə Ağ ev SEPAH-ı terror təşkilatları siyahısına salıb. Britaniya hökuməti isə Tehranla birbaşa qarşıdurmadan yayınaraq ayətullahlarla konstruktiv dialoq qurmağın mümkünlüyünə ümid bəsləyib. London hesab edib ki, konstruktiv dialoq İran rejiminin Qərbə aqressiyasını azalda bilər.
 
Bu sadəlövh yanaşma heç də yeni deyil. 1980-ci illərdə – Terri Ueyt və Con Makkarti kimi insanların Livanın Beqaa vadisində rütubətli kameralarda batareyalara zəncirlənmiş vəziyyətdə saxlandığı bir vaxtda o dövrün xarici işlər naziri Cefri Hau mənə demişdi ki, İran rejimindəki mötədil qanad üçün dialoq kanalını açıq saxlamaq gərəkdir. Sonradan məlum oldu ki, girovlarla bağlı böhranın baş qaldırmasında həmin “mötədillər” mühüm rol oynayıbmış.
 
“The Telegraph” qəzeti bugünlərdə Britaniya hökumətinin SEPAH-ı terror təşkilatı elan etmək məsələsini ciddi şəkildə nəzərdən keçirdiyi haqda məlumat əldə edib. Gec də olsa, bu addımın atılması müsbət haldır.
 
Görünür, SEPAH-ın Britaniya ərazisində terror planlarının sayının çoxalması, nəhayət, Londonu bu təşkilatı olduğu kimi qəbul etmək məcburiyyətində qoyub.
 
Britaniya hərbi kəşfiyyatının (Mİ-5) rəhbəri Ken Makkallumun sözlərinə görə, son bir ildə ölkədə azı 10 dəfə terror həyata keçirmək – qətllər törətmək, adam oğurlamaq planlaşdırılıb.
 
Hədəflər arasında Londonda fars dilində fəaliyyət göstərən televiziya da olub. Bu televiziyanın iki jurnalistini öldürmək planını pozmaq üçün Britaniya hökuməti kanalı daimi polis mühafizəsi ilə təmin edib.
 
Böyük Britaniyada terror niyyətlərinin genişlənməsini İranın Rusiya-Ukrayna müharibəsində fəallaşması ilə də əlaqələndirmək olar. Ruslar Ukraynada mühüm obyektlərə hücum etmək üçün İran istehsalı olan dronlardan yararlanırlar. İranda dron istehsalı isə SEPAH-ın himayəsi altında reallaşdırılır. ABŞ Maliyyə Nazirliyinin SEPAH-la əlaqəli İran şirkətlərinə sanksiyalar tətbiq etməsinə də bu səbəb olub.
 
İndi Böyük Britaniya SEPAH-ı məsuliyyətə cəlb etməyə hazır görünür. Bu, İran üçün ciddi siqnal olacaq. Tehran başa düşəcək ki, Qərb daha onun çirkin əməllərinə göz yummaq fikrində deyil.
 
Link kopyalandı!
Son xəbərlər