3772
18 Dec 2022 | 19:25

"Bu gün təkcə Rusiyada deyil, bütün dünyada böyük dəyişikliklər baş verir" - Pionerlərə xitab

"Birincilər hərəkatı" adlandırılacaq təşkilat üç sovet və gənclər təşkilatlarını-oktyabryat, pioner və komsomol təşkilatlarını birləşdirəcək..."
 
"Rusiya prezidenti uşaqlar qarışısında sovet partiya rəhbərləri ruhunda çıxış edib..."
 
"Putin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və hərbi təcavüzü səbəbindən total boykota məruz qaldığı mövzusuna  toxunmayıb..."
 
Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda yaradılan Uşaqlar və Gənclər Hərəkatının birinci qurultayı qarşısında çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Life" nəşri məlumat yayıb.
 
"Sizi artıq indi, gənc yaşlarınızda, ölkənin inkişafına öz töhfənizi vermək, dövlətimizə və insanlarımıza fayda vermək niyyəti birləşdirir. Belə səmimi, fəal vətənpərvərlik Rusiyanın uşaqlar və gənclər hərəkarını fərqləndirir və güman edirəm ki, bundan sonra da fərqləndirəcək.
 
Siz yəqin ki, bilirsiniz: bu gün təkcə Rusiyada deyil, bütün dünyada böyük dəyişikliklər baş verir. İnanıram ki, bu dəyişikliklər yaxşılığa doğrudur.
 
Mən ümid edirəm ki, biz dünyanı öz işlərimizlə, davranışımızla, qətiyyətimizlə və öz niyyətlərimizin, planlarımızın, prinsiplərimizin açıqlığı ilə bütün xalqların həqiqətən bərabər olduğu, hər kəsin hörmətə layiq olduğu, öz ənənələrinə sadiq olduğu, öz doğma dilində danışa bildiyi, öz əcdadlarının xatirəsini uca tutduğu, hansı şəraitdə böyüməsinə, hansı ailədən olmasına baxmayaraq, maksimal şəkildə özünü ifadə etmək imkanı olduğu daha ədalətli dünyaya çevirə biləcəyik", - Rusiya prezidenti uşaqlar qarşısında sovet partiya rəhbərləri ruhunda çıxış edib.
 
Putin bu videoçıxışında Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Rusiyanın hərbi təcavüzü səbəbindən total boykota məruz qaldığı mövzusuna toxunmayıb.
 
Rusiyanın Uşaqlar və Gənclər Hərəkatı (RUGH) 2022-cii ilin iyul ayında təsis edilib. Bu, hakimiyyət orqanlarına SSRİ dönəmində fəaliyyət göstərən pioner təşkilatının dirçəldilməsi xahişi ilə çoxsaylı müraciətlər fonunda təsis edilib.
 
Aprel ayında Sevastopol məktəblisi Diana Krasovskaya "Rusiya imkanlar ölkəsidir" təşkilatının qurultayında Ümumrusiya gənclik hərəkatının yaradılmasını təklif edib. Qurultayda iştirak edən Putin bu təklifə dəstək verib. 
 
Bundan sonra belə hərəkatın yaradılması haqqında qanun Dövlət Duması tərəfindən qəbul edilib və prezident tərəfindən təsdiq edilib.
 
İyulun 14-də yeni hərəkatın təsis iclası keçirilib. Nizamnaməyə görə, hərəkata uşaqlar 6 yaşından başlayaraq daxil ola bilər, orada üzvlüyünü yetkinlik yaşına çatanadək saxlaya bilər. 
 
Beləliklə, yeni hərəkat yaş diapazonuna görə hər üç sovet uşaq və gənclər təşkilatlarını-oktyabryat, pioner və komsomol təşkilatlarını birləşdirir.
 
Dekabrda təşkilstın adı barəsində onlayn-səsvermə keçirilib. İlk yerdə 17,51 faizlə indiki "Rusiya Uşaqlar və Gənclər Hərəkatı" adı dayanıb. İkinci yerdə 17, 23 faizlə "Pionerlər" adı təklif edilib.
 
Son qərar bugünkü qurultayda veriləcək və artıq verilib: təşkilat bu gündən "Birincilər hərəkatı" adlandırılacaq.
 
Qeyd edək ki, "yeni rus pionerləri"nin yaradılması üçün artıq zəmin hazırlanıb, Rusiyada son illər fəal surətdə vətənpərvərlik ruhunda regional və ümumittifaq gənclik təşkilatları yaradılıb və yeni hərəkatın təsisçisi olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər