Qazaxıstan Rusiyadan keçən yükdaşımalarını Orta Dəhlizə istiqamətləndirib
Dünya
3018
22 Nov 2022 | 11:54

Qazaxıstan Rusiyadan keçən yükdaşımalarını Orta Dəhlizə istiqamətləndirib

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) vasitəsilə Qazaxıstan məhsullarının ixracı 10 ay ərzində 6,5 dəfə artıb.
 
Moderator.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ticarət və İnteqrasiya Nazirliyindən bildirilib.
 
“Bu marşrutla metallarla yanaşı, ən çox neft məhsulları da daşınmağa başlanılıb”, - nazirlik qeyd edib.
 
Nazirlikdən vurğulayıblar ki, Qazaxıstan Rusiya vasitəsilə metal ixracını azaldıb, TBNM ilə daha çox metal tədarük etməyə başlayıb.
 
Qurumun “Qazaxıstan Dəmir Yolları”ndan aldığı (KTJ) məlumata görə, 2022-ci ilin 10 ayı ərzində bu ölkənin Rusiya vasitəsilə ixracı 7 % artıb. Qazaxıstan məhsullarının tədarükünün ümumi strukturunda bu ölkə vasitəsilə yükdaşımaların payı isə 25 % təşkil edir.
 
Qeyd edilib ki, eyni zamanda, ölkə Rusiya vasitəsilə daha az qara və əlvan metallar, kimyəvi preparatlar, soda, kimyəvi və mineral gübrələr daşıyır: “Qara və əlvan metallar TBNM marşrutuna, həmçinin Çin, Özbəkistan və Əfqanıstan istiqamətinə yönəldilib. Amma Ukrayna istiqamətində də kimyəvi preparatlar və soda, həmçinin kimyəvi və mineral gübrələrin daşınması dayandırılıb. Bununla bağlı istiqamət dəyişiliyi baş verməyib”.
 
İdxala gəlincə, Ticarət və İnteqrasiya Nazirliyinin məlumatında vurğulanıb ki, Rusiya vasitəsilə tədarük eyni səviyyədə qalıb: “Buna baxmayaraq, bu ölkə vasitəsilə Qazaxıstana daha az tikinti materialları, taxıl və şəkər məhsulları nəql edilib”.
 
Nazirlik bunu tikinti materiallarının Özbəkistandan, taxılın Rusiyadan, şəkər məhsullarının Latviya, Azərbaycan və Özbəkistandan tədarükü ilə izah edib.
 
Bildirilib ki, TBNM vasitəsilə idxal 91 % artıb: “Ən böyük artım kimyəvi maddələr və soda, qara metallar, şirələr və içkilərdə qeydə alınıb”.
 
Xatırladaq ki, TBNM 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
 
2020-ci ilin dekabr ayından Türkiyədən TBNM ilə Çinin Sian şəhərinə Azərbaycan üzərindən konteyner qatarları göndərilir. Bu marşrut başqalarına nisbətən sürət və qiymətlər baxımdan sərfəli olduğu üçün bazarda tezliklə rəğbət qazanıb. Belə ki, cəmi 16 gün ərzində bir başdan o biri başa çatan qatarlar razılaşmalara görə ayda iki dəfə yola salınır. Bu razılaşma 2021-ci ilin əvvəlindən Çində konteyner daşımalarının bahalaşmasına baxmayaraq dəqiq yerinə yetirilir.
 
Həmçinin pandemiya və onun iqtisadiyyatdakı fəsadları, Çinin ixracatının kəskin artması və idxalatının azalması, konteyner gəmilərin xidmət haqqının artması kimi amillər konteynerlərin gəmilərlə daşıma haqqını artıb.
Link kopyalandı!
Son xəbərlər