Sovet mətbuatında korrupsiya, rüşvət, dövlət vəsaitinin mənimsənilməsi və bu kimi hallar haqqında nadir hallarda yazılar dərc edilib. Milyonlarla tirajı olan “Pravda”, “İzvestiya”, “Komsomolskaya pravda”, “Trud” və digər qəzetlər illər boyu öz oxucularına ölkədəki “halallığı” təbliğ edib. Bununla yanaşı, Mərkəzi Komitənin ideologiya və təbliğat aparatı belə bir fikir də formalaşdırıb ki, yüksək ranqlı məmurlar dövlət əmlakının bir qəpiyinə belə xor baxmayıblar. Sonralar, SSRİ süquta uğradıqdan sonra bütün bu ideoloji xəttin mifdən başqa bir şey olmadığı aydın olub.
Xüsusilə İosif Stalinin hakimiyyəti dövründə sadaladığımız neqativ halların daha az olması kimi bir fikir də formalaşıb. Amma açılan arxiv sənədlərindən, statistikadan məlum olur ki, elə Stalinin dövründə də yüksək vəzifə tutan məmur “oğru”ların sayı heç də az olmayıb. Məhz belə yüksək çinlilərdən biri də Stalinin böyük etimad göstərdiyi Viktor Abakumov olub. Bu, həmin Viktor Abakumovdur ki, marşal Georgi Jukovu Almaniyadan 19 vaqona yükləyib gətirdiyi qənimətlərə görə ittiham edib.
Bəs Abakumovun öz maddi durumu necə olub? General aldığı vəzifə maaşı ilə qane olubmu?
Qeyd edək ki, Viktor Abakumov dövlət təhlükəsizliyi orqanlarında yüksək vəzifələr tutub, “SMERŞ”-in rəhbəri olub, 1946-1951-ci illərdə isə SSRİ-nin dövlət təhlükəsizliyi naziri vəzifəsində işləyib.
Sözsüz ki, Abakumov nazir kimi mənzil, bağ evi, xidməti avtomobil, digər güzəşt və imtiyazlara sahib olub. Onun vəzifə maaşı da mövcud dövr üçün kifayət qədər böyük məbləğdə olub – 25 min rubl. Amma Abakumovun sahib olduğu var-dövlətin ümumi məbləği elə bir fantastik rəqəmə çatıb ki, o, yüz il də nazir vəzifəsində işləsəydi, bu var-dövlətə sahib ola bilməzdi.
Məlum olduğu kimi, Viktor Abakumov 1951-ci ildə, nazir vəzifəsində işlədiyi vaxt dövlətə xəyanətdə ittiham olunaraq həbs edilib. İstintaq zamanı onun mənzil və bağ evlərində axtarış aparılıb. Axtarışın nəticələri təkcə müstəntiqləri deyil, həm də Kreml rəhbərliyinin də təəccübünə səbəb olub.
Abakumov xidməti mənzili ilə yanaşı Moskvanın mərkəzində bir neçə mənzilə də sahib olub. Nazir mənzillərdən birini rəsmi ayrıldıqdan sonra həyat yoldaşına bağışlayıb. 120 kvadmetr sahəsi olan bu mənzildə axtarış aparılanda aşkar olunub ki, mənzilin içində olan ev avadanlıqları, xalçalar, rəsm əsərləri və məişət texnikasının ümumi qiyməti mənzilin qiymətindən iki dəfə çoxdur.
Abakumov özü nikahda olmadığı məşuqəsi ilə digər 300 kvadmetrlik mənzildə yaşayıb. Bu mənzil öz təmiri ilə daha çox muzeyi xatırladıb. Mənzildə yerli sovet istehsalından kiçik bir əşya belə olmayıb. Xaricdə istehsal olunmuş mebellər, soyuducular, kinoproyektorlar, musiqi mərkəzləri, əl işi olan xalçalar başqa bir aləmdən xəbər verib. Çoxsaylı qızıl saatların, fotoaparatların, farfor və büllur qabların, zinət əşyalarının, xəz məmulatlarının və digər bu kimi əlçatmaz əşyaların qiymətini hesablamaqda müstəntiqlər çətinliyə düşüblər.
Abakumov 300 kvadratmetrlik bu mənzili əldə etmək üçün binadan 16 nəfər qonşunu köçürüb. Ən “maraqlı” faktlardan biri isə odur ki, həmin qonşulardan yalnız 7 ailə ayrıca mənzillə təmin edilib, digər 9 ailə Moskvanın ucqar rayonlarında yataqxanalara köçürülüb.
Nazirin digər 180 kvadratmetrlik 5 otaqlı mənzilində bütün otaqların qapısı bağlı olub. Yalnız bir otaq, mətbəx və sanitar qovşaq açıq olub ki, burada ilboyu Abakumovun göstərişi ilə iki nəfər DTN əməkdaşı mühafizəçi qismində yaşayıb.
Şəhərin mərkəzində yerləşən digər 110 kvadratmetlik mənzildə Abakumov ayda bir-iki dəfə görünüb. O, bu mənzildən məxfi görüşlər və məşuqələri ilə görüşmək üçün istifadə edib. Bu mənzil də digərləri kimi dövlət təhlükəsizliyi əməkdaşları tərəfindən mühafizə edilib.
Abakumov Moskva ətrafında əraziləri bir hektardan çox olan iki bağ evinə də sahib olub. Həmin bağların birindən daima istifadə edilsə də, digəri yalnız mühafizə olunaraq əşya saxlamaq üçün istifadə olunub. Axtarış zamanı həmin bağda 50-dən artıq müxtəlif dəzgahlar, çoxsaylı mühərriklər, 20-dən artıq mebel dəstləri, 7 min metr qiymətli parça, bir neçə avtomobil, onlarla billur çilçıraq və s. əşyalar aşkar edilib. Məlum olub ki, bu əşyaların əsas hissəsi Almaniyadan qənimət kimi götürülüb.
Ümumilikdə, 70-dən artıq dövlət təhlükəsizliyi əməkdaşı heç bir rəsmi əmr olmadan, qeyri-qanuni şəkildə Viktor Abakumovun əmlaklarının mühafizəsinə cəlb edilib.
Abakumov istintaq və məhkəmə zamanı əlil olana qədər işgəncələr alsa da, vətənə xəyanət ittihamını qəbul və etiraf etməyib, amma bu qədər var-dövlətə sahib olduğunu dana bilməyib.
Bəli, 3 qəpiyə görə adam güllələyən Stalin rejimi öz ətrafındakı yeyilən milyonlara illərlə göz yumub. Abakumov bu “oğru”lar dəstəsində tək olmayıb. Henrix Yaqoda, Lavrenti Beriya, Andrey Jdanov, Kliment Voroşilov, Lazar Kaqanoviç və onlarla ən yüksək ranqlı dövlət məmurları, “vicdanlı kommunistlər” yetərincə, hətta aşırı dərəcədə zəngin yaşayıblar. Təbii ki, bu zənginlik onların partiya biletlərində göstərilən əmək haqqı hesabına olmayıb. /Musavat.com/