İranla danışıqlar nə yerdədir? – “Vaşinqton Post”
Dünya
3343
05 Sep 2022 | 14:36

İranla danışıqlar nə yerdədir? – “Vaşinqton Post”

ABŞ-ın “Vaşinqton Post” qəzeti İranla nüvə sazişinin bərpası istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə yazı dərc edib.
 
Saziş Birgə Hərtərəfli Fəaliyyət Planı adlanır, 2015-ci ildə İranın və daha 6 ölkənin – ABŞ, Rusiya, Çin, Fransa, Almaniya və Böyük Britaniyanın iştirakı ilə imzalanıb.
 
Donald Trampın prezidentliyi dövründə – 2018-ci ildə ABŞ bu sazişdən çıxıb.
 
2020-ci ilin yanvarından ABŞ prezidenti olan Cozef Bayden sazişə qayıtmaq xəttini seçib.
 
2021-ci ildən Avropa İttifaqının vasitəçiliyi ilə dünya gücləri ilə İran arasında sazişin bərpası istiqamətində danışıqlara başlanıb.
 
2022-ci ilin iyul ayında Avropa İttifaqı danışıqların nəticəsinə uyğun olaraq yekun razılaşma mətni hazırlayıb.
 
ABŞ və İran yekun mətnə münasibətini avqust ayında bildirib.
 
Novator.az-ın məlumatına görə, “Vaşinqton Post” yazır ki, İran və ABŞ-ın yekun mətnə münasibəti ictimaiyyətə açıqlanmasa da, iki ölkə arasında gedən müzakirələr danışıqların son mərhələyə çatdığı qənaətini doğurub və nizamlamanın reallaşacağına ümidi artırıb.
 
Avqustun sonlarına yaxın Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bəyan edib ki, razılaşma tezliklə baş tutacaq.
 
Avqustun sonunda Parisdə diplomatlar qarşısında çıxış edən Fransa prezidenti Emmanuel Makron isə İranın nüvə proqramı üzrə razılığın yaxın bir neçə günə əldə olunacağına ümidvar olduğunu söyləyib.
 
Lakin “Vaşinqton Post” son günlər İranın yekun mətnə təklif etdiyi düzəlişlərin ABŞ-da narazılıqla qarşılandığına diqqət çəkir.
 
Qəzet yazır ki, Bayden administrasiyası Tehranın Avropa İttifaqı vasitəsilə təqdim etdiyi son təklifləri qeyri-konstruktiv sayır.
 
ABŞ Dövlət Departamentinin sözçüsü yekun mətnə düzəlişlər edilməsi üçün İrandan təklif aldıqlarını təsdiqləyib. O, təklifin hələ araşdırıldığını, Vaşinqtonun buna öz münasibətini rəsmən bildirəcəyini qeyd edib, eyni zamanda vurğulayıb ki, İranın təklifi konstruktiv deyil.
 
Qəzet vurğulayır ki, faktiki olaraq Ağ ev Tehranın son addımını nüvə sazişinin bərpası perspektivinə zərbə, geriyə addım kimi qiymətləndirib.
 
Məlumatlara görə, razılaşmanın müzakirə edilən yekun mətnində Tehranın nüvə proqramı ilə bağlı sərt məhdudiyyətlərə əməl etməsi, nüvə obyektlərini beynəlxalq müşahidəçilərin üzünə açması müqabilində Qərbin, o cümlədən ABŞ-ın və beynəlxalq təşkilatların İrana tətbiq etdiyi sanksiyaların ləğvi nəzərdə tutulur.
 
2018-ci ildə Donald Tramp sazişdən çıxanda İrana qarşı aradan qaldırılmış sanksiyaların da bərpasına qərar verib, üstəlik, sanksiyalara əlavələr də edib. İran buna cavab olaraq uranın zənginləşdirilməsi ilə bağlı məhdudiyyətləri aşaraq nüvə proqramını əvvəlki səviyyəyə qaldırıb, həmçinin nüvə obyektlərini beynəlxalq müşahidəçilərin üzünə qapayıb.
 
Cozef Bayden hakimiyyətə gələndən bəri vurğulayır ki, İranın nüvə silahı istehsal etməsinin qarşısını almağın ən yaxşı yolu Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etməkdir.
 
İran nüvə proqramının dinc məqsədlər daşıdığını iddia edir.
 
Link kopyalandı!
Son xəbərlər