Dünya
2427
06 Aug 2022 | 13:21

"Amnesty International"ın Ukrayna ofisinin rəhbəri istefa verib

“Amnesty International” təşkilatının Ukrayna ofisinin direktoru Oksana Pokalçuk Ukrayna Silahlı Qüvvələrinə qarşı ittihamlar dərc edildikdən sonra istefa verib.
 
O, bununla bağlı qərarını feysbukda açıqlayıb.
 
Avqustun 4-də beynəlxalq insan haqları təşkilatı Ukraynanın Rusiya ordusuna qarşı durmaq üçün yaşayış məntəqələrində hərbi mövqelər yerləşdirməklə mülki əhalini təhlükəyə atdığını bildirən mübahisələrə yol açan hesabat yayıb.
 
Təşkilatın Ukrayna filialı daha əvvəl hesabatın hazırlanmasında və yayılmasında iştirak etmədiyini bəyan edib.
 
“İşğalçıların basqın və parça-parça etdiyi ölkədə yaşamırsansa, yəqin ki, müdafiəçilərin ordusunu mühakimə etməyin nə demək olduğunu başa düşmürsən”, - Oksana Pokalçuk feysbukda yazıb.
 
Bundan başqa, Ukrayna Prezidenti Volodimir Zelenski məruzənin dərcinin məsuliyyətini Rusiyadan Ukraynanın üzərinə atmaq cəhdi adlandırıb.
 
Zelenski sosial şəbəkədə yazıb: “Rusiyanı amnistiya edən və bəzi terror hücumlarının guya haqlı və ya anlaşılan olduğuna işarə edən bu cür informasiya kontekstini yaradan hər kəs belə etməklə terrorçulara yardım etdiyini anlamır”.
 
“Amnesty International” tənqidləri qəbul etməyib.
 
“Nəticələr “Amnesty İnternational”ın bütün işləri kimi eyni ciddi standartlara və lazımi yoxlama prosedurlarına uyğun olaraq aparılan araşdırmalar zamanı toplanmış sübutlara əsaslanıb. “Amnesty”nin hesabatında deyilir ki, Ukrayna qüvvələri beynəlxalq hüququ pozur və mülki şəxsləri təhlükə altına atır, yaşayış məntəqələri, o cümlədən məktəblər və xəstəxanalarda bazalar yaradır. Hesabatda bildirilir ki, Ukrayna əsgərlərinin məskunlaşdığı yaşayış məntəqələri cəbhə xəttindən bir neçə mil aralıda yerləşir, halbuki ordu üçün mülki şəxslərə təhlükə yaratmayacaq uyğun alternativlər olub”, - təşkilatın baş katibi Anyes Kallamar vurğulayıb.
 
Hesabatın dərci Rusiya mətbuatı tərəfindən geniş işıqlandırılıb və Rusiya Xarici İşlər Nazirliyi də buna münasibət bildirib: “Biz hər zaman bu barədə danışırıq, Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərini dinc əhalidən canlı qalxan kimi istifadə etmək taktikası adlandırırıq”.
 
Rusiyanın TASS və “RİA Novosti” agentlikləri də hesabatla bağlı xəbər hazırlayıblar. Eyni agentliklər təşkilatın Ukraynadakı müharibə ilə bağlı digər məruzələrinə toxunmayıblar.
 
Qeyd edək ki, Rusiya hakimiyyəti hələ aprel ayında “Amnesty International”ın Rusiya nümayəndəliyini bağlatdırıb.
 
Link kopyalandı!
Son xəbərlər