“Krım türkləri tamamilə yox ola bilər” - Tanınmış tarixçidən xəbərdarlıq
4813
11 May 2016 | 16:02

“Krım türkləri tamamilə yox ola bilər” - Tanınmış tarixçidən xəbərdarlıq

Krım Tatar Xalq Məclisinin sədri Refat Çubarov Rusiyanın Krım tatarlarına qarşı repressiya siyasətini gücləndirməsi ilə bağlı bəyanat səsləndirib. Bəyanatında R.Çubarov dünya dövlətlərini Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb. 

Maraqlıdır, Azərbaycan Krım tatarlarına qeyri-rəsmi formada belə olsa müəyyən dəstək verməlidirmi? Ümumiyyətlə, Azərbaycan cəmiyyətində Krım tatarları ilə bağlı lazımi həssaslıq varmı?

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış tarixçi-pedaqoq, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının sözçüsü Dilavər Əzimli Azərbaycanın bu məsələdə ciddi addımlar atmasının vacib olduğunu bildirib:

Krım tatarlarının vəziyyəti bizi hər an narahat etməlidir. Çünki onlar bizə ən yaxın olan qardaşlardandırlar. Çox təəssüf ki, sovetlər dönəmində başqa türk xalqları haqqında olduğu kimi, onlar haqqında da yalnız dezinformasiyalar oxumuşuq. Buna görə də yadlaşmışdıq. Bu yadlaşma indi də təsirini göstərir. Bunun öhdəsindən yalnız təbliğatla gəlmək olar. Elə etmək lazımdır ki, Krımın faciəsi hər bir Azərbaycan türkünün faciəsi kimi qəbul edilsin. Qarabağ faciəsi də hər bir Krım türkü tərəfindən öz faciəsi kimi qəbul edilsin. Krımlılar heç Ukraynanın tərkibində olanda da o qədər yaxşı vəziyyətdə olmayıblar. Amma bu, o demək deyildir ki, Rusiya bu cür vəhşiliyə əl atıb buranı işğal edə. Bu gün Krım Ukraynanın tərkibində olmalıydı. Ukrayna demokratik dövlətdir. Avropaya inteqrasiyasını seçib. Ukraynanın tərkibində olanda türk dili sıxışdırılmırdı.

Rusiya onlara öz tarix və ədəbiyyatlarının öyrənilməsini qadağan edib. Türk dilində məktəblər bağlanıbdır. Onlara qarşı sıxışdırılma günü-gündən güclənir. Belə getsə, Krım türkləri tamamilə yox ola bilərlər. Düzdür, Azərbaycanın əlində buna təsir etmək üçün elə bir güclü rıçaqlar yoxdur. Amma biz də az iş görə bilmərik. Baxın, televiziyalarımızda bununla bağlı verilişlər gedirmi? Bizdə onlarla həmrəylik nə səviyyədədir? Çoxları Krım deyəndə yalnız "dincəlmək" yadlarına düşür. Bizdə Krım tarixi və ədəbiyyatı ilə bağlı hansı beynəlxalq simpoziumlar keçirilir? Bizim Milli Məclisdə Krımın müdafiəsi ilə bağlı hansı deputat danışıb? Əksinə, bəzi üzdəniraq deputatrlarımız Rusiyanı tərifləyirlər. Azərbaycan müxalifəti də bu istiqamətdə geniş kampaniya aparırmı? Mən şəxsən hiss etmirəm.

Hesab edirəm ki, biz bacardığımız səviyyədə Krım türklərinin səsinə səs verməli və onların hüquqlarını qorumalıyıq. Krım türkləri Azərbaycana özlərinin bir arxası kimi baxırlar. Yəni, onlar burada öz ideoloji təbliğatlarını qura bilərlər. Buna əməl edilirmi? Onlara hansı imkanlar yaradılıb? Gördüyünüz kimi, biz də onlara çox yardım edə bilərdik. Amma görünmür. Bu bizim, həm də müqəddəs borcumuzdur. Axı onlar bizim türk və müsəlman qardaşlarımızdırlar!”

 

Seymur Əliyev

 

Link kopyalandı!
Son xəbərlər