Azərbaycanda da çox maraqla izlənilən “Möhtəşəm Yüzil: Kösəm sultan” serialı tarixi mövzuda çəkilsə də orada bəzi tarixi hadisələrin təhrif olunması göz önündədir. Əslində bu tamamilə təbii haldır. Yaradıcı qrup tarixi-sənədli buraxılış deyil, sadəcə olaraq tarixi mövzudan ilhamlanaraq bədii serial ortaya qoyublar ki, burada da təhriflərin olması haqlı qəbul edilməlidir. Beren Saatın ifa etdiyi Kösəm sultan isə Osmanlı tarixində ən çox nüfuza malik olan sultan olub. O, təxminən 50 il müddətində az qala dünyanın yarısını idarə edən Osmanlı sarayının əsas fiquru olub. Sultan I Əhmədin nigahda olan yeganə arvadı, sultan IV Murad və I İbrahimin anası, sultan IV Məhmətin isə nənəsi kimi hakimiyyətə hərisliyi ilə seçilən real tarixi qəhrəman olub.
Moderator.az təqdim etdiyi yazıda Kösəm sultanın labirintlər, çətinliklər və faciələrlə dolu həyatından yox, birbaşa onun ölümündən danışacaq. Əslində 50 ilə yaxın saray idarəçiliyinin hər bir günü onu ölümə yaxınlaşdırırdı. 1590-cı il Yunanıstanın Tinos adasında dünyaya gələn Anastasiya ( sonradan Osmanlı sarayından adı bir neçə dəfə dəyişdirilərək Mahpeykər və Kösəm olur. Bundan başqa Hasekis, Naibi Səltənət, Valideyi-Müəzzəmə və başqa təxəllüsləri olur-E.N) yeniyetmə qız ikən Bosniya Hersoqluğu tərəfindən əsir götürülür. Bir müddət bəylərbəyliyin sarayında qalır. Daha sonra isə mükafat olaraq başqa kölələrlə birlikdə Osmanlı sarayına göndərilir.
Zavallı Mustafa
Kösəm sultanın saraydakı fəaliyyətindən yazmaq təbii ki, çox vaxt aparacaq. Adı çəkilən serialda təhrif olunan faktlarla bərabər real tarixi məqamlar da var. 1617-ci ildə Sultan Əhməd öldükdən sonra ( Sultan Əhməd 28 yaşında vəfat edən zaman Kösəmin 27 yaşı var idi) nəhəng imperiyanı uzun müddət de-yure olaraq Kösəm idarə edir. Öncə Sultan Əhmədin şahzadə olan zaman hər gününü qorxu içində keçirən, buna görə də ciddi psixoloji pozuntular yaşayan Mustafa formal olaraq taxta çıxarılır. Taxtın mahiyyətini tam dərk etməyən ağıldan kəm və bir o qədər də saf Mustafa cəmi 96 gündən sonra oradan endirilərək həbsə atılır.
Ondan sonra hakimiyyətə gələn II Osman atasının ən sevimli arvadı olan Kösəmə sayğı ilə yanaşsa da ondan əks reaksiyanı görür. Əskisaraya sürgün edilən Kösəm vaxtilə satın aldığı paşaların köməyi ilə üsyan qaldırır və Osmanı devirir.
Sonun başlanğıcı
Ondan sonra həmin taxta Kösəmin oğlu Murad çıxarılır. Bununla da o, çoxdan arzuladığı “Validə sultan” məqamına çatır. Yeniyetmə Muradın əvəzinə nəhəng imperiyanı idarə edir. Lakin onun idarəçiliyi dönəmində Osmanlı əsas rəqibi olan Səfəvilərə bir neçə dəfə məğlub olur, orduda nizam intizam pozulur, xalq ağır vergilərdən cana doyur.
Bu proses 10 il çəkir. Kösəm sultan xalqa nə qədər yaxın olsa da, xalq üçün nə qədər çalışsa da sonda o bir qadın idi. Dövləti isə əsil padşahın dirçəlişi irəli apara bilərdi. 10 ildən sonra Murad dirçəldi. Amma təəssüf ki, əks tərəfə... yəni qəddarlığı baxımından ad çıxardı. Hakimiyyəti üçün təhlükə yarada biləcək doğma qardaşı Qasımı, başqa anadan olan qardaşları Süleyman və Bəyazidi, həmçinin iki doğma bacısını paşa ərləri ilə birlikdə edam etdirir. Kösəmi isə Əskisaraya göndərir. Təsadüf nəticəsində kiçik yaşlı şahzadə İbrahim sağ qalır.
Lakin sonradan taxta çıxan İbrahimi da anası idarə edir. Amma o, da anası Kösəmin nə qədər təcrübəli də olsa dövlət işlərinə qarışmasını qəbul edə bilmir.
Faciəvi ölüm
Əvvəlcə onu deyək ki, 1651-ci ildə qətlə yetirilən Kösəm Sultan Osmanlı imperiyasının öldürülən ilk validə sultanıdır. Ona qədər isə heç bir validə sultanın edamına qaydalar imkan vermirdi. İbrahimdən sonra taxta çıxan IV Məhməti də Kösəm idarə edirdi. Lakin Məhmətin anası Xədicə Turxan buna imkan vermək istəmirdi. Odur ki, müxtəlif yollarla böyük idarəçilik təcrübəsi olan Kösəm yenidən “gözyaşı sarayına” göndərilir. Amma uzun illər ərzində yığdığı sərvətdən istifadə edərək yeniçəri ocaqlarının başçılarını pulla ələ keçirir və ölümünə səbəb olacaq üsyana hazırlaşır.
Təsadüf nəticəsində Kösəm tərəfindən hazırlanan üsyan planı padşahın anası Xədicə Turhana çatdırılır. Xədicə Turhan da Lələ Süleyman paşa ilə bərabər əks əməliyyata keçirlər. Kösəm sultanın planına əsasən bir qrup yeniçəri hərəmə daxil olacaq və IV Məhmətin anası Xədicəni, eləcə də ona itaət edən qadınları, tərəfində duran paşaları öldürəcək, Topqapının gizli qapısından Kösəmin saraya gəlişini təmin edəcəkdilər. Xədicə Sultanın planına əsasən isə həmin yeniçərilərdən sayca 4 dəfə çox olan silahlı gözətçilər onlar hücüm edən kimi üzərlərinə atılacaqdılar. Elə də olur. Saray gözətçiləri azsaylı yeniçəriləri məğlub edir. Kösəm sultan qaldığı gizli dairədə ona tərəf gələn silahlıların gözlədiyi yeniçərilər olmadığını anlayır. Başqa gizli qapılardan birinin arxasında gizlənir. Lakin onu tapırlar. Çox ağır şəkildə edam olunan Kösəm sultan hətta ölümü ilə də bir yenilik gətirir, bununla da tarixə düşür. Onun barmaqlarını sındırır, qulaqlarını qoparır, vəhşicəsinə döydükdən sonra sürüyürlər. Bundan sonra da nəfəs aldığını görüb tarım iplə Kösəmi boğurlar.
O, 1651-ci ildə bütün nüfuzunu borclu olduğu və həyatda onu hamıdan çox sevən əri Sultan Əhmədin türbəsində dəfn edilir.
Amma xalq onu sevirdi. Deyilənə görə, o, ölən gün 14 min adam həmin gün ac qalır. Ağızlarına yemək almırlar. Bütün şəhər əhalisi isə 40 gün yas tutur.
Elmin Nuri