Rusiya və Ukrayna üçün qarşılıqlı təhlükəsizlik təminatları Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda müzakirə olunacaq.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti”yə açıqlamasında bildirib.
O qeyd edib ki, Rusiyanın gec-tez Avropa ölkələri ilə qitədə gələcək təhlükəsizlik sistemi barədə dialoq aparması lazım gələcək. Lakin onun sözlərinə görə, hələlik bu dialoqun konkret olaraq kiminlə aparılacağını müəyyənləşdirmək vacibdir.
Peskov TASS-ın sualını cavablandırarkən bildirib ki, hazırda ABŞ-ın birinci xanımı Melaniya Trampın təşəbbüsü ilə Ağ evdə keçiriləcək Rusiya və Ukrayna nümayəndələrinin görüşündə Rusiyanı kimin təmsil edəcəyinin hələ məlum olmadığı bildirilir.
Əbu-Dabidə danışıqlar
Rusiya və Ukrayna üçün qarşılıqlı təhlükəsizlik təminatları Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda müzakirə olunacaq:
“Təhlükəsizlik məsələləri, təhlükəsizlik təminatları ilə bağlı mövzular müzakirə ediləcək. Bu təminatlar yalnız qarşılıqlı xarakter daşıya bilər”.
Təhlükəsizliyin bölünməzliyi prinsipi Rusiyanın Ukrayna münaqişəsinin nizamlanmasına dair mövqeyinin əsas təməl prinsipidir:
“Bilirsiniz ki, təhlükəsizliyin bölünməzliyi mövzusu bizim mövqeyimizin təməl daşıdır. Yəni bir dövlətin təhlükəsizliyi başqa bir dövlətin təhlükəsizliyi hesabına təmin edilə bilməz. Nüanslara gəldikdə isə, bu, qapalı danışıqların mövzusudur”.
Avropa nümayəndələrinin Əbu-Dabidə Ukrayna üzrə danışıqlarda iştirakı mümkün deyil, çünki əvvəlcədən üçtərəfli format razılaşdırılıb:
“Xeyr, bu danışıqlara qoşulmaları mümkün deyil. Söhbət məhz razılaşdırılmış üçtərəfli formatdan gedir. Yəni Rusiya və Ukrayna, ABŞ-ın vasitəçiliyi ilə”.
Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda Rusiyanın nümayəndə heyətinə müxtəlif qurumların, o cümlədən Xarici İşlər Nazirliyinin nümayəndələri daxil olacaq:
“Müxtəlif qurumların, o cümlədən Xarici İşlər Nazirliyinin nümayəndələri olacaq. Nümayəndə heyətinə Medinski rəhbərlik edəcək”.
Ağ evdə Rusiya və Ukrayna nümayəndələrinin görüşü
“Bununla bağlı hələlik heç nə məlum deyil.”
Avropa ilə dialoq
Rusiya gec-tez Avropa ölkələri ilə Avropanın gələcək təhlükəsizlik sistemi barədə dialoq aparmalı olacaq, lakin hələlik bu dialoqun kiminlə aparılacağının aydınlaşdırılması vacibdir:
“Gec-tez, əlbəttə ki, belə bir söhbətə ehtiyac yaranacaq. Çünki söhbət Avropadakı təhlükəsizlik sistemindən, gələcək təhlükəsizlik sistemindən gedəcək və bu, nizamlanma prosesinin ayrılmaz hissəsi olacaq. Avropalılarla danışmaq lazım gələcək. Sadəcə, bunun kimlə aparılacağını anlamaq qalır”.
Avropada Rusiya ilə danışıqlar aparmaq səlahiyyətinə malik şəxslərin müəyyənləşdirilməsi ilə bağlı mürəkkəb proseslər davam edəcək:
“Avropalılara gəldikdə isə, onlar hələ də bizimlə kimin danışmaq hüququna malik olduğunu müəyyənləşdirə bilmirlər. Əvvəlcə müxtəlif yerlərdən icazə almalıdırlar, sonra da bunu bir-biriləri ilə razılaşdırmalıdırlar”.