Yaponiya KXDR tərəfindən ballistik raketin buraxıldığını açıqlayıb
1307
06 Aug 2026 | 17:30

Yaponiya KXDR tərəfindən ballistik raketin buraxıldığını açıqlayıb

Şimali Koreya (KXDR) cümə axşamı ehtimal edilən ballistik raket atışını icra edib.
 
Bu barədə Yaponiya Sahil Mühafizə Xidmətinin bəyanatında qeyd olunub.
 
Xidmət regiondakı gəmilərə xəbərdarlıq edərək, raketin qalıqlarına rast gəlinəcəyi təqdirdə məsafə saxlamağı və dərhal Yaponiyanın aidiyyəti orqanlarına məlumat verməyi tövsiyə edib.
 
Bir qədər sonra qurum Şimali Koreyaya məxsus olduğu bildirilən ballistik raketin artıq dənizə düşdüyünü açıqlayıb.
 
Yaponiyanın ictimai televiziyası isə Müdafiə Nazirliyindəki mənbələrə əsaslanaraq bildirib ki, raket Yapon dənizində dövlətin müstəsna iqtisadi zonasının hüdudlarından kənara düşüb. Hər hansı bir gəmiyə ziyan dəyməsi ilə bağlı məlumat qeydə alınmayıb.
 
Bununla yanaşı, "News1" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrinin də KXDR-in Yapon dənizinə doğru naməlum sursat atması barədə məlumat yaydığını diqqətə çatdırıb. Məlumata görə, bu mərmi məhz ballistik raket olub. Hazırda Cənubi Koreya hərbçiləri uçuşun məsafəsini və digər detalları araşdırırlar.
 
Xatırladaq ki, Şimali Koreya bundan əvvəlki ballistik raket buraxılışını iyunun 25-də həyata keçirmişdi. O zaman yeni reaktiv yaylım atəşi sistemləri və taktiki ballistik raketlərin sınağı baş tutmuşdu.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər